Məişət zorakılığından zərərçəkmiş şəxslər üçün 860 Qaynar xətt xidmətinin fəaliyyətinə dair tərəfdaşların görüşü keçirilib

24 fevral 2021

Paylaş:

24 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondunun birgə  təşkilatçılığı ilə məişət zorakılığından zərərçəkmiş şəxslər üçün 860 Qaynar xətt xidmətinin fəaliyyətinə dair tərəfdaşların görüşü keçirilib. Görüşdə dövlət qurumlarının, Monitorinq qruplarının, Qeyri-Hökumət Təşkilatlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən  Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri iştirak ediblər.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iclası açıq elan edərək, bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Məişət Zorakılığının qarşısının alınması haqqında Milli Fəaliyyət Planı”nın əhəmiyyəti barədə danışıb. Həmçinin, zorakılığa məruz qalmış qurbanlara hərtərəfli xidmətlərin göstərilməsi məqsədi ilə onlara dəstək və böhran anında məsləhətin təqdim edilməsi  üzrə 860 nömrəli ixtisaslaşdırılmış milli qaynar xəttin fəaliyyətə başlamasını xüsusilə  vurğulayıb. Məişət zorakılığının qarşısının alınması istiqamətində  həyata keçirilən birgə fəaliyyət barədə də danışıb.

Daha sonra BMT-nin  Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin  rəhbəri Fərid Babayev çıxış edib. O çıxışında  BMT-nin  Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  həyata keçirilən maarifləndirmə tədbirləri, həmçinin, məişət zorakılığının aradan qaldırılması istiqamətində reallaşdırılan  birgə layihələr haqda məlumat verib.

“Genezys psixologiya” təşkilatının direktoru Günel Aslanova qaynar xəttin fəaliyyəti barədə tədbir iştirakçılarını xüsusi təqdimatla  məlumatlandırıb.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq qrupunun sədri Rəna Fərəcova, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dəstək Dövlət Dəstəyi Şurasının əməkdaşı Ülvi Abdullayev, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik  işin təşkili şöbəsinin rəisi Adığözəl Adığözəlov, Səbail Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova, Qadın Təşəbbüsü və Sosial problemlərin həllinə yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova  mövzuya dair fikirlərini bölüşüblər.  

Tədbir iştirakçıları məsələ barədə ətraflı müzakirələr apararaq, gələcək fəaliyyət zamanı bir sıra məqamların nəzərə alınmasının vacibliyini vurğuladılar.