Ailə, qadın və uşaq siyasətində 15 il

5 fevral 2021

Paylaş:

Müstəqilliyimizi qazandığımız ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmişdir. Ölkəmizdə qadın məsələlərinin dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadınların müxtəlif sahələrdə təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə imzalanan fərman və sərəncamlar qadın hüquqlarının həyata keçirilməsi istiqamətində atılmış vacib addımlardan olmuşdur.

1995-ci ildə Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının qəbul edilməsi ilə yekunlaşan IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarının da geniş tərkibdə təmsil olunması qadın iştirakçılığına verilən yüksək dəyərin mühüm göstəricisidir. Azərbaycanın BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması, “Azərbaycanda qadınların rolunun artırılması haqqında” (1998), “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” (2000) Sərəncamların imzalanması ilə ölkəmizdə müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsi üçün zəmin yaradıldı.

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın siyasəti sahəsində növbəti mərhələnin başlanğıcı oldu. Komitə bu sahədə mövcud olan məsələlərin həlli istiqamətində vacib tədbirlər həyata keçirmişdir. Komitənin sədri kimi zəngin və çoxşaxəli fəaliyyəti ilə ictimaiyyət arasında daim hörmətlə anılan vətənpərvər ziyalı Zəhra Quliyevanın təyin olunması qadınların cəmiyyətdəki rolunun artırılması, yerli və beynəlxalq səviyyədə məsələlərin müzakirəsində fəal iştirakının təmin edilməsi və digər müvafiq istiqamətlərdə nailiyyətlərin əldə edilməsinə mühüm töhfə vermişdir. Elə həmin ildə ilk dəfə keçirilən Azərbaycan qadınlarının birinci qurultayı qadınlarımızın ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Müxtəlif illərdə keçirilən qadın qurultaylarında (I qurultay 1998, II qurultay 2003, III qurultay 2008, IV qurultay 2013) dövlət qadın siyasəti sahəsində görülən işlər, qazanılan uğurlar və qarşıya çıxan problemlər müzakirə olunmuşdur. Qurultayların sonunda qadınların ölkə Prezidentinə və beynəlxalq təşkilatlara müraciəti səsləndirilmiş, eyni zamanda Qətnamə qəbul olunmuşdur. Qətnamədə qadınların məşğulluğunun artırılması, qərarqəbuletmə səviyyəsində, eləcə də sahibkarlıq istiqamətində təmsilçiliyinin genişləndirilməsi və digər sahələrin inkişafında onların rolunun artırılması məsələləri dəstəklənmişdir.

”Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar”. (Ulu öndər Heydər Əliyev)

Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 6 fevral 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Artıq 15 ildir ki, fəaliyyət göstərən Komitə ölkədə ailə, qadın, uşaq siyasətinin inkişafını təmin etmək üçün çalışmış, qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə müvafiq sahələrdə vahid dövlət siyasətinin formalaşdırılmasında yaxından iştirak etmişdir.

Ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasəti bütün sahələrdə olduğu kimi, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Ötən illər ərzində adı çəkilən istiqamətlər üzrə dövlət səviyyəsində vacib tədbirlər görülmüş, mühüm qanunlar qəbul edilmiş, bir sıra dövlət proqramları və fəaliyyət planları icra olunmuşdur. Kişi və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması hər zaman dövlətin diqqətində duran məsələlərdən olmuşdur. 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkilik qadağan edilmiş və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunmağa başlamışdır. İlk dəfə olaraq 2020-ci ildə Qanunun 20-ci maddəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatın Parlamentdə təqdimatı keçirilmişdir.

Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, rəhbər vəzifələrdə çalışır, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında, eləcə də sahibkarlıq sahəsində fəal təmsil olunurlar. Xüsusilə də, qadın hərəkatının önündə gedən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə qadınların fəaliyyətinə verilən önəmin bariz nümunəsidir.

Görülən işlərin nəticəsində qadınlarımız öz bilik və qabiliyyətləri, fəallıqları ilə seçilərək həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir, müxtəlif mükafatlara layiq görülür, nailiyyətlər əldə edirlər. Hər il “8 Mart Beynəlxalq Qadınlar Günü”ndə Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə mühüm xidmətləri olan qadınlara Prezident təltiflərinin təqdim olunması yüksək dəyərin göstəricisidir.

Statistik rəqəmlər də idarəetmə və qərarqəbuletmədə qadınların təmsilçiliyinin artdığını deməyə əsas verir. 2005-ci ildə parlament seçkilərində qadınlar 11,2% təşkil edirdisə, 2020-ci ildə artaraq 18,2% olmuşdur. Milli Məclisin sədri qadındır. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatmışdır. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2019-cu ildə 39%-ə çatmışdır.

Ötən 15 il ərzində qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, qeyri-ənənəvi sahələrdə iştirakının artırılması və öz bizneslərini yaratmaq istiqamətində maarifləndirilməsi məqsədilə təşviqat kampaniyaları və dəstək tədbirləri həyata keçirilmişdir. Son 7 ildə qadın sahibkarların sayı 3 dəfəyə qədər artmışdır. Əgər 2012-ci ildə qadın sahibkarlar 17% təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 21,7%-ə çatmışdır. Kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Layihə çərçivəsində rayon və kənd yerlərində yaşayan qadınların seçdiyi fəaliyyət sahəsində bilik və bacarıqlarının təkmilləşdirməsi, ictimai həyatın bütün sahələrində fəallığının artırılması məqsədilə Qadın Resurs Mərkəzləri yaradılmışdır. Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar, Zaqatala, Xaçmaz və Bakı şəhərinin Xəzər rayonu olmaqla, ümumilikdə 9 rayonda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə 2020-ci ildən Göyçay rayonunda Qadın Resurs Mərkəzinin yaradılması layihəsini həyata keçirir. Eyni zamanda “Sağlam Həyat Naminə” İctimai Birliyinin və “British Petroleum” Şirkətinin birgə əməkdaşlığı ilə Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək üçün İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə icra edilir.

Bundan əlavə, Dövlət Komitəsi və GİZ-in birgə təşkilatçılığı ilə 2012-ci ildən etibarən bələdiyyə üzvü olan qadınların gender bərabərliyi və qadın hüquqları mövzusunda təlimatlandırılması, yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi məqsədilə “DAYAQ” Mentorluq Proqramını həyata keçirir.

Qadınlara seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə keçirilən “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu” (2018) ictimaiyyət arasında maraqla qarşılanmışdır. Forum çərçivəsində qadın hüquqlarının müdafiəsi sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə müzakirələr aparılmışdır.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə hər dörd ildən bir ölkə hesabatı təqdim edilir. Azərbaycan ilk dəfə olaraq 2018-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvü seçilmişdir.

Tarixi köklərə malik Azərbaycan ailə modelinin təbliği

Ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, onların firavanlığının təmin edilməsi, güclü ailələrin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qaçqın və məcburi köçkün, aztəminatlı ailələrin, Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinin sosial problemlərinin həll edilməsinə hökumət tərəfindən xüsusi diqqətlə yanaşılır, bir sıra sosial layihələr reallaşdırılır. Ailələrin daha güclü təməllər üzərində qurulması məqsədilə 1999-cu ildə Ailə Məcəlləsi qəbul olunmuşdur. Eyni zamanda nikah yaşı qadınlar üçün 17-dən 18-ə qaldırılmışdır. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələbin 2015-ci il yanvarın 1-dən qüvvəyə minməsi bu istiqamətdə atılan növbəti mühüm addımlardandır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində dövlət ailə siyasətinin həyata keçirilməsi, ailə institutunun inkişafı istiqamətində fəaliyyət göstərərək, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirmişdir. Hər il 15 may tarixinin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması və bu münasibətlə Ailə bayramlarının keçirilməsi gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin və nümunəvi ailələrin cəmiyyətdə tanıdılması, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin təbliği baxımından əhəmiyyətlidir. Ənənəvi olaraq, 2008-ci ildən bəri hər il qeyd olunan Ailə bayramında Azərbaycanın bütün şəhər və rayonlarından yüzlərlə ailə iştirak edir.

Dövlət ailə siyasətinin dəstəklənməsi, ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində çox sayda maarifləndirmə tədbirləri təşkil edilmişdir. “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Mən həyatı seçirəm”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”,“Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu”, “Ailə, məktəb və cəmiyyət”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Ailəliklə mütaliə”, “Ailələrimizi tanıyaq” və digər tədbirlərin maarifləndirmədə mühüm yeri vardır.

Bu sahədə görülən maarifləndirmə işlərinin mühüm bir hissəsi kimi 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycan ailəsi” film festivalı həyata keçirilir. 11 il ərzində müsabiqəyə 345 rejissor tərəfindən 386 film təqdim olunmuşdur. Xarici rejissorlar tərəfindən 42 filmin təqdim edilməsi festivalın beynəlxalq səviyyədə maraqla qarşılandığını deməyə əsas verir. 2014-cü ildən etibarən isə festival çərçivəsində “Həyatdan şəkilə” adlı foto müsabiqə də uğurla həyata keçirilir.

Qloballaşan dünyada baş verən bir sıra mənfi dəyişikliklərin ailələrimizə təsirlərinin aradan qaldırılmasında dövlətlə bərabər cəmiyyətin rolunu, eləcə də yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi icra edilir. Eyni zamanda nümunəvi ailə modellərinin tanıdılması və belə ailələrdəki münasibətlərdə uzunömürlülüyün sirri, ailədaxili birliyin təbliği məqsədilə “Ailələrimizi tanıyaq” layihəsi və könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək verməklə uğurlu ailə modelinin təbliği, müsbət həyat nümunələri və hekayələrinin insanlar arasında yayılması məqsədilə “Ailə Könüllüləri” layihəsi davam etdirilir.

Uşaqlara qayğı, onların hərtərəfli təminatı dövlətin xüsusi diqqətindədir.

Uşaqların sağlam şəkildə böyüməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, zorakılıqdan müdafiəsi, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmişdir. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 1998-ci ildə qəbul edilən Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barədə dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. 2009-cu ilin dövlətimiz tərəfindən “Uşaq ili” elan edilməsi dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinin həllinə yönəldilməsinə xidmət etmişdir. 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mütəmadi olaraq,  uşaqların hüquqlarının müdafiəsinə, onlar üçün bütün xidmətlərin təminatına, uşaq iştirakçılığının artırılmasına yönəlmiş genişmiqyaslı tədbirlər və bu istiqamətdə görülən işlər gücləndirilməkdədir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların, xüsusən də həssas təbəqədən olan uşaqların hərtərəfli inkişafının təmin olunması məqsədilə mühüm layihələr həyata keçirilir. "Təhsilə dəstək", "İnklüziv təhsil" proqramları, eləcə də “Məzun Evi Sosial” Müəssisəsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” təsdiq edilmişdir. Dövlət nəzarətinin məqsədi uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılmasıdır. Bundan əlavə, uşaqların internet təhlükəsizliyinin təmin edilməsi, onların zərərli informasiyadan qorunması məqsədilə Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsi hazırlanmış və 2020-ci ildə qüvvəyə minmişdir. Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” hazırlanmış və ölkə Prezidentinin Sərəncamları ilə təsdiq edilmişdir. Bu sənədlər uşaq siyasətinin və uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi sahəsində dövlətin gələcəyə yönəlik strategiyasını müəyyənləşdirir.

Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Vacib məsələlərdən biri də uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata  keçirilməsində onların aktiv iştirakının təmin edilməsidir. Bu baxımdan UNİCEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq Forumları keçirilir. 2009-cu ildən bu günə kimi keçirilən dörd forumda respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və qabiliyyətləri ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan yüzlərlə uşaq qatılmışdır. Forumlarda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrindən, eləcə də digər millətlərdən olan uşaqların iştirakına xüsusi yer verilmişdir.

Dövlət Komitəsi tərəfindən hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif tədbir və şənliklər təşkil olunur. Silsilə tədbirlərin yekunu olaraq 1 iyun tarixində “İstedadlı uşaqlar festivalı” adlı tədbir (2013-2016) keçirilmişdir.  2017-2018-ci illərdə Milli Məclis və Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilmişdir. 2019-cu ildə Heydər Əliyev Fondu, “Azərbaycan Dəmir Yolları” QSC, UNICEF və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə “Sürətlə və inamla gələcəyə” əyləncə təbliğat qatarı tədbiri keçirilmişdir.

Bu gün Azərbaycanın bütün regionlarında uşaqlardan ibarət liderlər komandası formalaşmışdır. Dövlət Komitəsinin dəstəyi ilə 2020-ci ildən etibarən 15 uşağın təmsilçiliyi ilə “Uşaq Səfirlər Məclisi” fəaliyyətə başlamışdır. Uşaq Səfirlər Məclisi ölkə başçısı tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı irəli sürülmüşdür. Uşaq Səfirlər Məclisinin yaradılmasında məqsəd uşaqlarda müstəqil özünü ifadəetmə bacarığının formalaşması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması, idarəetmə mədəniyyətinin formalaşdırılması, uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsidir.

Hər il BMT tərəfindən “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edildiyi 20 noyabr tarixində “Ümumdünya Uşaqlar Günü”ndə uşaqların yaxından iştirakı ilə uşaq hüquqlarına həsr edilmiş “Uşaq hüquqları: bərabər imkanlar”, “Uşaq hüquqları: suallar və cavablar” və digər mövzularda dəyirmi masa və beynəlxalq onlayn konfranslar keçirilir. 2020-ci ildə Dövlət Komitəsinin dəstəyi və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 31-ci ildönümü münasibətilə “Uşaq hüquqları: uşaqlar müzakirəyə qoşulur” mövzusunda beynəlxalq onlayn konfrans keçirilmişdir. Müxtəlif ölkələrdən uşaqların iştirakı ilə keçirilən konfransda azərbaycanlı uşaqlar çıxış edərək, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən vacib tədbirləri və atılan mühüm addımları diqqətə çatdırmışlar. Konfransda 14 ölkədən, ümumilikdə 25 uşaq iştirak etmişdir.

Məişət zorakılığı və gender əsaslı zorakılıqla mübarizə

Cəmiyyətdə mövcud olan aktual məsələlərdən biri kimi məişət zorakılığı və gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində vacib tədbirlər həyata keçirilir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Eyni zamanda zorakılıq probleminin dərindən öyrənilməsini və onunla mübarizəni təmin etmək məqsədilə bütün rayonların icra hakimiyyətləri yanında monitorinq qrupları yaradılmışdır. Bundan əlavə, ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması məqsədilə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanmış və Prezidentin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılması məqsədilə “Gender zorakılığına qarşı 16 günlük” Fəallıq Kampaniyası çərçivəsində mütəmadi olaraq hər il “Qadınlara qarşı zorakılığa YOX deyək” mövzusuna həsr olunmuş tədbirlər həyata keçirilir. Bundan əlavə, Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı ilə 2020-ci il 1 dekabr tarixindən etibarən Azərbaycanda gender əsaslı zorakılıqla bağlı yeni - 860 qaynar xətti yaradılmışdır.

 

 

Regionlarda həyata keçirilən tədbirlər

 

Ölkə başçısının müvafiq fərmanları ilə müxtəlif illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin azaldılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlığın inkişafı istiqamətində görülən işlərə təkan vermişdir. Dövlət Komitəsi də regionlarda yaşayan qadın və uşaqların hüquqlarının müdafiəsi, həssas və risk qrupundan olan ailələrlə işin gücləndirilməsi, onlarla birbaşa sosial, psixoloji, hüquqi işin aparılması istiqamətində bölgələrdə vətəndaşlara və ailələrə xidmət göstərməkdədir. Belə ki, Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) tərəfindən icmada risk qrupundan olan qadın, uşaq və ailələrə, xüsusilə də aztəminatlı, şəhid və natamam ailələr, tənha qadınlar, qaçqın və məcburi köçkünlər, zorakılığa məruz qalmış qadın və uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri, uşaq müəssisələrində olan uşaqlar və onların ailə üzvləri olmaqla 130.000-dən çox insana müvafiq dəstək göstərilmişdir. Mərkəzlərin fəaliyyəti əsasən aktiv terapiya, ünsiyyət terapiyası, psixoloji konsultasiyalar, inkişafetdirici məşğələlər, loqopedik məşğələlər, Denver II və Portec uşaq inkişaf testləri, müxtəlif kurslar və öyrənmə dərnəklərinin təşkilindən ibarətdir.

Xüsusilə qeyd etməliyik ki, Dövlət Komitəsi 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin yanında olmuş, onların ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial iş aparmış və cəbhəyanı bölgələrə səfərlər etmişdir. Dövlət Komitəsi ilə birgə “Asan könüllüləri” gənclər təşkilatı və BMT–nin Uşaq Fondunun (UNİCEF) layihəsi olan “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində Goranboy və Ağdam rayonları ərazisində müharibədən zərər çəkmiş 800 ailə psixososial qiymətləndirmədən keçirilmiş, 1700 uşağa psixoloji yardım göstərilmişdir. Azərbaycanın mülki əhalisinə qarşı baş vermiş erməni terroru ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara bəyanatlar və müraciətlər ünvanlanmış, mətbuat konfransları keçirilmişdir.

COVİD-19 pandemiyası ilə mübarizə kampaniyası çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən genişmiqyaslı işlər görülmüş və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Mərkəzlərin fəaliyyətindən 8625 nəfər bəhrələnmiş,1045 ailəyə ərzaq yardımı edilmişdir ki, onlardan 303 nəfərə psixoloji dəstək göstərilmiş, 1444 nəfərə Mərkəzlərin könüllüləri tərəfindən tikilmiş tibbi maskalar paylanılmış, 514 uşağa onlayn məşğələ keçirilmişdir.

Dövlət Komitəsi öz fəaliyyətində təcrübə mübadiləsinə xüsusi önəm verərək beynəlxalq təşkilatlar və digər dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlığa əsaslanan memorandum və sazişlər imzalamışdır. Bu ölkələr sırasına Türkiyə, İran, Litva, Fransa, Belarusiya, Mərakeş, Küveyt, İordaniya daxildir. İkitərəfli əməkdaşlıq çərçivəsində beynəlxalq konfranslar keçirilmiş, xarici səfərlər təşkil olunmuşdur. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan BMT-nin Mərkəzi Asiya Dövlətlərinin İqtisadiyyatı üzrə Proqramının (SPEKA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Tematik İşçi Qrupuna 12 il müddətində sədrlik etmişdir. 

Dövlət Komitəsi yanında 2017-ci ildən yaradılan İctimai Şura ilə əməkdaşlıq çərçivəsində qeyri-hökumət təşkilatlarının təklif və fikirləri nəzərə alınmışdır. Vətəndaş cəmiyyəti institutları ilə fəal iş birliyi qurulmuş, müvafiq məsələlərin həlli istiqamətində birgə tədbirlər həyata keçirilmişdir.

Radio və televiziya vasitəsilə gender bərabərliyi mədəniyyətinin təbliği, gender stereotiplərinin aradan qaldırılması barədə minlərlə məlumatlandırıcı veriliş hazırlanmış, qəzet və jurnallarda azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunmuşdur. Komitənin sosial şəbəkə hesablarında bu mövzuda təbliğat xarakterli materiallar yayımlanmış, videoçarxlar nümayiş olunmuşdur.

Dövlət Komitəsi tərəfindən Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili, ailə və nikah, boşanmalar, selektiv abortlar, uşaq əməyinin istismarı, qadına qarşı zorakılığın iqtisadi nəticələri və digər mövzularda araşdırma və tədqiqatlar aparılmış, uşaq hüquqlarının müdafiəsinə dair 2018-2019-cu illər üzrə hesabat hazırlanmışdır.

Bu gün biz Azərbaycan xalqı olaraq Zəfər günlərinin sevincini yaşayırıq. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə bitirməyimiz bizim qarşımızda yeni məqsədlər, strateji istiqamətlər və mühüm vəzifələr qoyur. Bütün qurumlar kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, biz də işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərində üzərimizə düşən vəzifələri yerinə yetirməklə bu işə öz töhfəmizi verəcəyik.

 

Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi