Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə tədbir keçirilib
Paylaş:
05 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illik fəaliyyətinə həsr edilmiş onlayn konfrans təşkil edilib.
Konfransdan əvvəl Komitə nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. Əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edilərək, xatirəsinə dərin ehtiram ifadə olunub. Şəhidlər xiyabanında Azəbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər dərin hüznlə yad edilib.
Komitə sədri Bahar Muradova salamlama nitqi ilə çıxış edərək, ötən 15 il ərzində ailə, qadın və uşaq siyasəti istiqamətində görülən işlər və həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O bildirib ki, 15 il bundan əvvəl Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Prezidentin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandı və bu illər ərzində Komitə üzərinə qoyulmuş səlahiyyətlər çərçivəsində ailə, qadın, uşaq və gender məsələlərinə dair siyasətin formalaşması və həyata keçirilməsi, siyasətin ayrı-ayrı istiqamətləri üzrə cavabdeh olan qurumlar arasında işin əlaqələndirilməsini həyata keçirmişdir. Bu müddət ərzində nəzərdə tutulan proqramlar, imzalanan sərəncamlar, Komitənin özünün iştirakı ilə hazırlanmış fəaliyyət planları üzrə işlər görülmüş, qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, o cümlədən qanunun nəzərdə tutduğu müddəaların həyata keçirilməsi üçün müvafiq mexanizmlərin işlənməsi sahəsində nəzərdə tutulan fəaliyyət həyata keçirilmiş, uğur və nailiyyətlər qazanılmış, Azərbaycanda insan hüquqlarının, qadın və uşaqların hüquqlarının qorunması işinə töhfələr verilmişdir. Komitənin beynəlxalq təşkilatlarda Azərbaycan ailələrini, qadınların və uşaqların maraqlarını tələb edən mövqedən çıxış etdiyini qeyd edən B.Muradova bildirib ki, Komitə daim beynəlxalq təşkilatların bu sahədəki işinə təşəbbüskarlıqla yanaşmış, öz vacib iştirakını ortaya qoymuşdur. Diqqətə çatdırlıb ki, Komitə daim qanunvericilik təşəbbüsləri ilə çıxışlar etmiş, hər fəaliyyət proqramı qəbul olunduqda ondan irəli gələn qanunvericiliyə dəyişikliklər parlamentə təqdim olunmuşdur və hazırda bu proses davam edir. Həm qanunların qəbulu, həm icrası, həm də icrasına nəzarət prosesində Komitənin çox ciddi iştirakı olmuşdur.
Ötən 15 il ərzində vicdan və məsuliyyətlə, işini yüksək peşəkarlıqla yerinə yetirən əməkdaşların çalışdığını qeyd edən B.Muradova vaxtilə bu Komitədə fəaliyyətə başlamış və hazırda müxtəlif qurumlarda fəaliyyətini davam etdirən həmkarlarımızın da olduğunu qeyd edib.
Sonra Dövlət Komitəsinin 15 illik fəaliyyətini əks etdirən film nümayiş olunub. Ardınca Dövlət Komitəsinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların yubiley təbrikləri qeyd edilib.
Çıxışına davam edən Bahar Muradova bildirib ki, Komitənin ətrafında öz imkanlarını, resurslarını, vaxtını bu işə həsr edən könüllülərdən ibarət bir şəbəkə formalaşmışdır. Ailə könüllüləri təşkilatı da bu sıraya qoşularaq səmərəli fəaliyyət göstərir. Azərbaycan ailə modelinin həm milli-mənəvi dəyərlər üzərində qurulması, həm də müasirliyə açıq və inkişafa meyilli olmasını təmin etmək üçün biz hələ çox işlər görməli, uşaqlarımıza qayğı göstərməli, onları hər bir təhlükədən və qlobal dəyişikliklərin təhdidlərindən qorumalı, sağlam, vətənpərvər, bilikli, hərtərəfli inkişaf etmiş gənclik yetişdirməliyik.
Məişət zorakılığı, gender əsaslı zorakılıq hallarının qarşısının alınmasının vacib olduğunu qeyd edən Komitə sədri bildirib ki, zorakılıqla mübarizəni daha da genişləndirməli, gender əsaslı zorakılığın bütün növlərinin Azərbaycanda minimuma endirilməsinə çalışmalı, regionlarda işimizi genişləndirməliyik.
Komitənin strukturuna daxil olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət dairəsinin artırılmalısının onların ailələrə, qadın və uşaqlara daha yaxın olmasına imkan yarada biləcəyini qeyd edən B.Muradova həm də regionlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərinin işinin genişləndirməlisinin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu qadınların özəl sahə hesabına məşğulluğunun təmin edilməsi layihəsi üzərində işin qısa müddətdə reallaşdırılmasına nail olmalıyıq.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Dövlət Komitəsinin 15-ci ildönümü münasibətilə təbrik edərək, gələcək fəaliyyətdə uğurlar arzu edib.
O, ötən əsrin 70-80-ci illərindən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə ailə, qadın və uşaqlarla bağlı həyata keçirdiyi ardıcıl tədbirlərin müstəqillik illərində yeni səciyyə aldığını, bu sahədə daha konkret işlərin görüldüyünü və nəticə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını qeyd edib. R.Seyidova sonrakı illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ailə, qadın və uşaqlarla bağlı dövlət siyasətinin əsas mahiyyətini saxlamaqla müasir çağırışlara uyğun yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
15 il ərzində Komitənin qarşıya qoyulan vəzifələri, xüsusən də ailə dəyərlərimizin yaşadılması, qadın və uşaq hüquqlarının qorunması sahəsində çoxşaxəli fəaliyyət göstərdiyini vurğulayan R.Seyidova ötən dövrdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu əməkdaşlığın gələcəkdə də vahid sistemdə davam etdiriləcəyinə inamını ifadə edib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamı diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın Komitənin xatirə medalı ilə təltif edildiyi açıqlanıb.
Komitənin 15 illik fəaliyyəti müddətində səmərəli əmək fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Eyni zamanda beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin Dövlət Komitəsi ilə əməkdaşlığı təşəkkürnamələrlə qiymətləndirilib.
Prezident tərəfindən təltif olunan Komitənin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək ölkə başçısına əməkdaşların fəaliyyətini dəyərləndirdiyinə görə təşəkkürünü bildirib və üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək və ölkəmizdə gedən quruculuq prosesinə töhfələr verərək fəaliyyətlərini davam etdiriklərini qeyd edib.
Çıxış edən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qərəmanova verilən mükafatların gələcək fəaliyyətlərində stimullaşdırıcı amil olduğunu bildirib.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Komitənin beynəlxalq təşkilatlarla səmərəli fəaliyyətinə diqqət çəkərək, uğurlu layihələrdən bəhs edərkən respublikanın regionlarında yaradılan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi və 9 Qadın Resurs Mərkəzinin fəaliyyətinin nümunə olduğunu söyləyib. Mərkəzlərin fəaliyyətinə uğurlar arzulayaraq gələcəkdə hər bir rayonumuzda belə bir mərkəzin fəaliyyət göstərəcəyinə ümid etdiyini qeyd edib.
Sədr müavini Aynur Sofiyeva müstəqil, güclü Azərbaycanın inkişafında Komitənin özünəməxsus yeri olduğunu, ailələrin inkişafı, ailə institutunun təbliği, qadınların fəallığının artırılması, uşaqlara dəstək göstərilərək qorunmasının fəaliyyətin əsas istiqamətləri olduğunu qeyd etdi. A.Sofiyeva, bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi və sağlam cəmiyyətin inkişaf etdirilməsində Komitənin öz töhfəsini verəcəyinə, Komitə kollektivinin, qarşıda duran daha yüksək və məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib .
Sonda Bahar Muradova bildirib ki, qarşıda ümumi inkişaf prosesinə töhfə verməklə yanaşı, bu istiqamətdə görməli olduğumuz işi daha sürətli, çevik və dinamik həyata keçirmək kimi bir vəzifə dayanır. Daha çox gələcəyə baxışlarımız, gələcəyə yanaşmalarımız üzərində düşünməliyik. Ölkə Prezidentinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qarşımızda qoyduğu vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün maksimum səy göstərməyin vacib olduğunu unutmamalı, əməkdaşlığımıza göstərilən etimadı və yüksək dəyəri doğrultmalıyıq.
O, bir daha Komitə əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzu edib.