Bahar Muradova Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət naziri ilə görüşüb

3 fevral 2021

Paylaş:

3 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət naziri Vendi Morton ilə görüşüb.

Komitə sədri Bahar Muradova qonaqları salamlayıb və görüş təşəbbüsü ilə çıxış etdikləri üçün təşəkkürünü bildirərək xanım Vendi Mortonun növbəti həftə Bakıya səfərinin Azərbaycan-Böyük Britaniya münasibətlərində özünəməxsus yer tutacağını qeyd edib. O, ölkələrimiz arasındakı münasibətlərin tarixin bütün mərhələlərində hər zaman dostluğa və qarşılıqlı əməkdaşlığa əsaslandığını qeyd edib. O, Vətən müharibəsinin yenicə başa çatdığını və dinc dövrə qədəm qoyulduğunu diqqətə çatdıraraq bugünkü görüşün əlamətdar vaxta təsadüf etdiyini vurğulayıb: “Bu dövrdə bizim üçün çox vacib görüləsi işlərimiz var və bu işləri görərkən də dostlarımızın bizim yanımızda olması və Azərbaycana səfərləri böyük əhəmiyyət kəsb edir”.

Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət naziri Vendi Morton səfər öncəsində təşkil olunan görüşə görə təşəkkürünü bildirərək, Azərbaycana baş tutacaq səfərini səbrsizliklə gözlədiyini və ortaq maraqlar üzərində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından vacib olacağını qeyd edib. O, xüsusilə də Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni milli fəaliyyət planının qəbul edilməsini alqışlayaraq, bu sənədin zorakılıqla mübarizədə çox vacib olduğunu vurğulayıb. V.Morton məişət zorakılığının dünyanın bir çox ölkələrində insanlara təsir edən bir məsələ olduğunu qeyd edərək bu halların sayının azaldılması məqsədilə yeni əməkdaşlıq formalarının müzakirəsinin əhəmiyyətli olduğunu deyib və bu istiqamətdə ölkəmizdə atılan addımlar haqqında məlumatların verilməsini xahiş edib.

Daha sonra çıxış edən Komitə sədri Vətən müharibəsi dönəmində yaranmış vəziyyətlə və koronavirus pandemiyası ilə əlaqədar zorakılıq hallarının artmasının ciddi narahatlıq doğurduğunu qeyd edərək, məişət zorakılığının qarşısının alınması istiqamətində ötən il qəbul edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətini vurğulayıb.

B.Muradova Komitə tərəfindən hazırda bu plandan irəli gələrək qanunlar üzərində dəyişikliklər layihəsinin hazırlandığını və yerli mexanizmlərin gücləndirilməsi işinin artırılmasının vacibliyinə diqqət çəkib. O, beynəlxaq təşkilatların, o cümlədən Avropa İttifaqının dəstəyi ilə məişət zorakılığı qurbanlarının təhlükəsizliyini təmin etmək və onları dəstəkləmək üçün yerli qurumları gücləndirmək istiqamətində Tvinninq layihəsinin icrasına başlandıldığını qeyd edib. O, BMT-nin Əhali Fondu ilə birlikdə 860 nömrəli qaynar xəttin istifadəyə verildiyini və iki ay ərzində edilən müraciətlərin təhlili əsasında zorakılıq qurbanlarının psixoloji və iqtisadi zorakılıqdan daha çox şikayətləndiyinin müəyyən edildiyini bildirib. Komitə sədri, eyni zamanda yerli icra hakimiyyətləri yanında yaradılan monitorinq qruplarının fəaliyyəti haqqında məlumatları diqqətə çatdırıb.

Regionlarda yaradılan qadın resurs mərkəzlərinin fəaliyyətinə toxunan B.Muradova qeyd edib ki, bu mərkəzlər qadınların sahibkarlıq təşəbbüslərini reallaşdırmaqla onların iqtisadi asılığının aradan qaldırılmasında mühüm rol oynayır. O, Britaniya hökumətinin maliyyə dəstəyi ilə Ağdam, Ağcabədi və Tərtər olmaqla daha 3 rayonda belə resurs mərkəzlərinin yaranmasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

B.Muradova uşaq iştirakçılığının artırılmasının əhəmiyyətli məsələ olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə Komitənin layihəsi kimi yaradılan Uşaq Səfirlər Məclisinin fəaliyyəti haqqında danışıb. O, məclisin təşkilatçılığı ilə keçirilən tədbirlərdə uşaqların fəal şəkildə iştirak etdiyini, eyni zamanda bu tədbirlərə müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan da uşaqların qoşulduğunu qeyd edib.

Daha sonra V.Morton Komitə sədrinin müharibədən zərərçəkən ailələrə, qadınlara müvafiq yardımların göstərilməsi ilə bağlı sözlərinə dəstək verərək, BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinə diqqət çəkib və sənədin müddəalarının məcburi köçkün qadınlara hər hansı bir formada yardım edilməsini nəzərdə tutduğunu bildirib. V.Morton regionlarda yaradılan Qadın Resurs Mərkəzlərinin fəaliyyəti ilə maraqlandığını da əlavə edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp da iştirak edib.