Məişət zorakılığı ilə bağlı Tvinninq layihəsinin müzakirəsi məqsədilə dəyirmi masa keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsinin və Avropa İttifaqının dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində 19 yanvar 2021-ci il tarixində dəyirmi masa keçirilib.
Onlayn formatda baş tutan müzakirələr zamanı yerli bələdiyyə orqanlarının Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarında təmsil olunması imkanları, bələdiyyələr tərəfindən məişət zorakılığı sahəsində görülən işlər və gələcəkdə bu sahədə iş aparmaq üçün lazımi resurslara malik olması kimi məsələlər müzakirə olunub.
Litvalı ekspert tərəfindən aparılan müzakirədə iştirakçılar yuxarıda qeyd olunan məsələlər ilə bağlı ekspertlərin çoxsaylı suallarını cavablandırıb, məişət zorakılığı ilə mübarizə sahəsində bələdiyyə orqanlarının qanunvericiliklə hansı səlahiyyətlərə malik olması və gələcəkdə bələdiyyələrin Monitorinq Qruplarının işinə nə kimi töhfə verə biləcəkləri ilə bağlı məlumat verilib.
Sözügedən müzakirələrin aparılmasında məqsəd Tvinninq layihəsi çərçivəsində kənd ərazilərində fəaliyyət göstərən bələdiyyələrin Monitorinq Qruplarında təmsil olunması üzrə strategiyanın işlənib hazırlanmasıdır.
Qeyd edək ki, Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.