“Qan xəstəlikləri. Qohum evliliyi” mövzusunda onlayn tədbir keçirilib

11 dekabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirmə tədbirləri həyata keçirir.

Bu istiqamətdə keçirilən  tədbirlərin davamı olaraq 11 dekabr 2020-ci il tarixində Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 6 nömrəli Bakı Peşə Məktəbinin tələbələri üçün “Qan xəstəlikləri (talassemiya və hemofiliya). Qohum evliliyi” adlı onlayn tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən məktəbin direktor müavini Fərhad İsmayılov tədbir iştirakçılarını salamlayaraq təşkilatçılığa görə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib, tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli çıxış edərək, öncə tədbir iştirakçılarını Vətən müharibəsində qazanılan qələbə və 10 dekabr Zəfər Paradı münasibəti ilə təbrik edib. Tədbir iştirakçıları Komitənin fəaliyyəti istiqamətləri, Nazirlər Kabinetinin qəbul etdiyi Qərara əsasən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında məlumatlandırılıb.  Uşaq və gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən Bakı və respublikamızın rayonlarında mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirləri barədə danışılıb.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Aygün Abıyeva “Qohum evliliyi. Talassemiya və Hemofiliya” adlı təqdimatla çıxış edib. O, tələbələrə qohum evliliyinin genetik və bir sıra sağalmaz xəstəliklərə səbəb olduğu, onun əlamətləri və müalicəsi haqqında məlumat verib.

Tədbirin davamında tələbələrin sualları cavablandırılıb.

Tədbirdə 100 tələbə iştirak edib.