“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
Paylaş:
4 dekabr 2020-ci il tarixində “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində gender əsaslı zorakılıqla mübarizədə yeni təşəbbüsün təqdimatı ilə əlaqədar vebinar keçirilib.
Vebinar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirə moderatorluq edən BMTİP-nin Proqram rəhbəri Leyla Fəthi layihə tərəfdaşları və tədbir iştirakçıları barədə qısa məlumat verərək açılış nitqi üçün sözü Dövlət Komitəsinin sədri Bahar Muradovaya verib.
Görüşün təşkilatçıları və iştirakçılarını salamlayan B.Muradova vebinarın işinə uğurlar arzu edib. Əsasən patriarxal dəyərlərin üstün tutulduğu cəmiyyətlərdə baş verən məişət zorakılığının sosial bir bəla olduğu qeyd edilən sədr, Azərbaycanın müvafiq qurum və orqanlarının həm daxili, həm də beynəlxalq tərəfdaşları ilə birgə bu bəlanın aradan qaldırılması istiqamətində çox ciddi layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Belə layihələrin təbliğat xarakteri daşıdığını, zorakılıqsız cəmiyyətin təşviq edilməsinə xidmət göstərdiyini, psixoloji, iqtisadi, fiziki zorakılığa haqq qazandıran, güclünün haqlı olduğuna inanan topluma yönələn bir iş olduğunu vurğulayan B.Muradova, məsələnin bu aspektinin daha çox diqqətdə saxlanmalı olduğunu bildirib. Layihənin əhəmiyyətindən danışan Komitə sədri, böhran və münaqişə vəziyyətlərində ən çox zərər çəkənlərin qadınlar və qızlar olduğunu nəzərə alaraq, bu layihənin onların müdafiəsi, hüquqlarının təmin olunması, səlahiyyətləndirilməsində müsbət nəticələr əldə etməyə yardım edəcəyini, qadınların özlərini daha yaxşı müdafiə etməsinə şərait yaradacağını söyləyib. O, bu illər ərzində Qadın Resurs Mərkəzlərinin fəaliyyətində əldə edilən uğurlara toxunaraq, həyata keçiriləcək bu layihənin qadın sahibkarlığının inkişafında və onların hüquqlarının təmin edilməsi istiqamətində Komitənin qarşısında duran vəzifələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək məişət zorakılığına yönəlik bu layihənin həyata keçirilməsində əməkdaşlıq edəcək qurum nümayəndələrini salamlayaraq, görüşdə iştirakından məmnunluğunu bildirib. Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir deyən A.Frakasetti birlikdə qadınlara və qızlara dəstək göstərməyin vacibliyini qeyd edib. İllər ərzində Dövlət Komitəsi və USAİD ilə birgə əməkdaşlıq çərçivəsində aparılan işlər barədə danışaraq, bu layihənin də qadınların və qızların hüquqlarının qorunması, onların səlahiyyətləndirilməsi baxımdan töhfə verəcəyini vurğulayıb.
USAID-in missiya direktoru Dr. Cey Sinqx öz çıxışında Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu bildirib. O, qadınları, qızları, eləcə də gender əsaslı zorakılığa məruz qalan digər qrupları qorumaq, səlahiyyətləndirmək üçün şəhər və icmaların qurulmasının, abadlaşdırılmasının çoxşaxəli iqtisadi tərəqqiyə şərait yaradacağına, sabit və firavan gələcəyi təmin edəcəyini nəzərə çatdırıb.
Tədbirin davamında layihə haqqında qısa video-çarx iştirakçılara təqdim edilib. Daha sonra layihə meneceri Gülarə Hümbətova layihə çərçivəsində 4 il ərzində görüləcək işlər barədə məlumat verib. “Texas A&M” Universitetinin Hökumət və İctimai xidmətlər üzrə Buş adına Hökumət və Dövlət Xidmətləri Məktəbində “Qadınlar, sülh və təhlükəsizlik” proqramının direktoru Valeri Hadson mövzuya həsr olunmuş təqdimatla çıxış edib.
Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya, Qadın Resurs Mərkəzlərinin koordinatorları, USAİD nümayəndələri, BMT-nin gender qrupu üzvləri, gender üzrə ekspertlər, icra hakimiyyəti başçıları və nümayəndələri, media əməkdaşları iştirak ediblər.