Bahar Muradova Latviyanın ölkəmizdəki səfiri ilə görüşüb
Paylaş:
26 noyabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşü keçirilib.
Qonaqları salamlayan Bahar Muradova Azərbaycan və Latviya arasında münasibətlərin uzun bir tarixə söykəndiyini, qarşılıqlı faydalı əməkdaşlığa və dostluğa əsaslandığını bildirib. O, hər iki ölkənin istər diplomatik nümayəndəlikləri, parlamentləri, cəmiyyətləri arasında, istərsə də ikitərəfli və çoxtərəfli əməkdaşlığa əsaslanan münasibətlərinin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Noyabrın 24-də Komitə rəsmisinin də iştirak etdiyi “Qadınlar sülh uğrunda” adlı beynəlxalq video-konfransın önəmindən söhbət açan sədr, BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqi istiqamətində atılan addımların, xüsusilə də Milli Fəaliyyət Planının hazırlanmasının yaşadığımız dövr üçün çox əhəmiyyətli olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları diqqətə çatdıran B.Muradova bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərləri atəşə tutması və mülki əhalini hədəf seçməsi insan hüquqlarının pozulması deməkdir. O, ölkəmizdə ailələrin, xüsusən qadınların, uşaqların münaqişədən əziyyət çəkdiyini bildirib.
Azərbaycanın ərazi bütövlüyünün, beynəlxalq hüququn təmin edilməsi uğrunda apardığı Vətən müharibəsinin qələbə ilə yekunlaşmasına toxunan Komitə sədri, bu zəfərin Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətini qeyd edib.
Fransa Senatının son qərarını vurğulayan sədr, bu qərarın Minsk qrupuna üzv dövlətlərin münaqişəni həll etməyə deyil, əksinə onun daha da kəskinləşdirməyə apardığını qeyd edərək, Fransanın onun Minsk Qrupunun həmsədri, BMT TŞ-nin və Avropa qurumlarının üzvü kimi mövqeyini şübhə altına qoyduğunu diqqətə çatdırıb.
Səfir Dainis Qarançs səmimi qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib. O, baş vermiş son hadisələri yaxından izlədiyini və hətta Füzuli rayonuna təşkil olunan səfərdə iştirak etdiyini bildirərək, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Latviya arasındakı ikitərəfli diplomatik əlaqələrə və parlamentlər arasında qurulan uğurlu münasibətlərə diqqət çəkən səfir, sosial və iqtisadi sahələr üzrə Azərbaycanda reallaşdırılan layihələrin vacibliyini qeyd edib. O, ailə, qadın və uşaq məsələləri ilə bağlı fəaliyyət sahəsində Komitə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkərək, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.
Görüşdə Latviya Səfirliyinin müşaviri Vija Bussa, mədəniyyət, təhsil və iqtisadi məsələlər üzrə məsləhətçisi Elmira Mirzəyeva və Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib və səfirə xatirə hədiyyəsi təqdim olunub.