Uşaq Hüquqları haqqında Konvensiyanın 31-ci ildönümü münasibətilə beynəlxalq konfrans keçirilib

20 noyabr 2020

Paylaş:

20 noyabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 31-ci ildönümü münasibətilə “Uşaq hüquqları: uşaqlar müzakirəyə qoşulur” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 20 noyabr-Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətlə uşaqları təbrik edərək, hər bir ölkənin gələcəyinin uşaqların düzgün tərbiyə olunmasından, təhsil səviyyəsindən, milli-mənəvi, eləcə də insani keyfiyyətlərinin püxtələşməsindən asılı olduğunu bildirib.

Azərbaycanda uşaq hüquqlarının tam şəkildə reallaşması məqsədilə mükəmməl hüquqi bazanın yaradıldığını qeyd edən Komitə sədri bu günün dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qeyd edildiyini, eyni zamanda Uşaq Hüquqları üzrə Konvensiyanı 1992-ci ildə ratifikasiya edən ilk dövlətlərdən birinin elə məhz ölkəmiz olduğunu diqqətə çatdırıb. O, Konvensiyanın BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən etdiyini və uşaq hüquqlarının təmin edilməsi sahəsində ilk universal kodeks olduğunu vurğulayıb.

B.Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bütün tərəfdaşlarla birgə uşaq siyasətinin həyata keçirilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışdığını və bu işdə uşaqların da yaxından iştirak edərək maraqlı fikir və təkliflərini bölüşərək ümumi işə böyük töhfələr verdiklərini qeyd edib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Komitə tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinin faəliyyətinin əhəmiyyətini qeyd edən B.Muradova bildirib ki, Məclisin yaradılmasında məqsəd uşaqların öz hüquqlarının müdafiəsi istiqamətində iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşmasıdır.

Müxtəlif ölkələrdən uşaqların iştirakı ilə keçirilən beynəlxalq konfransda Azərbaycan uşaqlarını təmsil edən Yunis Quliyev, Rifah Zeynalov və Rüfət Məmmədov çıxış edərək ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən vacib tədbirləri və atılan mühüm addımları diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmır, eyni zamanda, bu istiqamətdə konkret tədbirlərin təşkil olunması yolu ilə reallaşdırılır və bu işdə uşaqların iştirakının təmin olunması üçün əlverişli şərait yaradılır.

Konfrans çərçivəsində uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən çıxışçılar bu münaqişədən xüsusilə uşaqların əziyyət çəkdiyini və 27 sentyabr tarixindən başlayan və ölkəmizin qələbəsi ilə bitən Vətən Müharibəsi zamanı mülki əhaliyə qarşı yönələn erməni terroru nəticəsində 12 uşağın qətlə yetirilməsinin, 50 uşağın yaralanmasının uşaq hüquqlarının pozulmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Konfransda 14 ölkədən ümumilikdə 25 uşaq iştirak edib.

Böyük Britaniya, Türkiyə, Latviya, Macarıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Pakistan, Gürcüstan, Rusiya, Hindistan, İran, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən uşaqlar çıxışları zamanı bütün uşaqlar üçün bərabər imkanların yaradılması, təhsil, səhiyyə və ictimai xidmətlərə çıxışın təmin edilməsi, uşaqların zorakılıqdan müdafiəsi, erkən nikahların, uşaq əməyinin, uşaq istismarının qarşısının alınması, eyni zamanda uşaqlar üçün təhlükəsiz dünyanın yaradılması, uşaq hüquqlarını əhatə edən məsələlərlə bağlı qərarların qəbul edilməsində onların iştirakçılığının təmin edilməsinin əhəmiyyətini qeyd ediblər.

Pakistan və Böyük Britaniyanı təmsil edən iştirakçılar xüsusilə münaqişə nəticəsində uşaqların zərər çəkməsi, onların doğma evlərindən ayrı düşməsi məsələsinə diqqət çəkərək, uşaqların hüquqlarının pozulmasının onları təəssüfləndirdiyini vurğulayıblar. 

Konfrans “Beynəlxalq uşaq platforması”nın yaradılması ilə bağlı təkliflərin müzakirəsi ilə davam edib.