Uşaq və Ailələrə Dəstək Mərkəzləri müharibədən zərər çəkən qadın və uşaqlara psixososial dəstəyini davam etdirir

19 noyabr 2020

Paylaş:

27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilən hərbi cinayətlərin yaşatdığı problemlər və irəli gələn məsələlərin qiymətləndirilməsi və terror əməllər nəticəsində zərərçəkən ailələrlə işin aparılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətini davam etdirir.

Komitə tabeliyində fəaliyyət göstərən Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarını bu işə fəal şəkildə cəlb edərək, müharibədən zərər çəkən mülki vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirmiş, bu vəziyyətdən travma alan uşaqların qiymətləndirilməsini həyata keçirərək, onları müxtəlif növ psixoloji və inkişafetdirici məşğələlərə cəlb etmişdir.

Ağdam və Goranboy UADM-lərin fəaliyyətindən müxtəlif yaş qrupuna aid 500-ə yaxın uşaq bəhrələnmişdir. Fərdi və qrup halında təşkil edilən məşğələlər zamanı uşaqların psixoemosional vəziyyətinin normallaşdırılması üçün incəsənət və oyun terapiyasından istifadə edilmişdir. Mərkəzlərin sosial işçiləri Bərdə, Ağdam, Goranboy rayonları və Naftalan şəhərini əhatə etməklə 100-dən artıq ailəyə səfər edərək, onların sosial problemlərinin həll olunmasında yaxından iştirak etmiş və onlara psixoloji dəstək göstərmişlər. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə post müharibə dövründə ailələrin psixososial vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeni layihəyə başlayır. Layihə ilkin olaraq Gəncə şəhəri və Goranboy rayonunu əhatə edəcəkdir.