Yaponiya səfiri: “Hökumətimiz və xalqımız mülki vətəndaşların həyatlarını itirməsindən narahatlıq keçirir və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunacağına inanır”
Paylaş:
4 noyabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi ilə görüşü keçirilib.
Qonaqları salamlayan Komitə sədri Bahar Muradova Azərbaycan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin faydalı əməkdaşlıq şəraitində qurulduğunu və bu münasibətlərin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, hər iki ölkənin rəhbərləri, parlamentləri, o cümlədən cəmiyyətləri səviyyəsində ikitərəfli əməkdaşlığa əsaslanan münasibətlərin olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları diqqətə çatdıran B.Muradova bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərləri atəşə tutması və mülki əhalini hədəf seçməsi insan hüquqlarının pozulması deməkdir. O, ölkəmizdə ailələrin, xüsusən qadınların, uşaqların münaqişədən əziyyət çəkdiyini bildirib. Komitə sədri münaqişənin davam etdiyi müddət ərzində 1 milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, ailə başçısını itirən ailələrin və valideynlərini itirən uşaqların olduğunu təəssüf hissi ilə qeyd edib. B.Muradova nəzərə çatdırıb ki, torpaqlarımız azad edildikdən sonra öz evlərinə qayıdacaq insanlar üçün yaşayışın təmin edilməsi dövlətimizin qarşısında duran əsas məsələdir. O, Komitənin hazırda zərərçəkmiş şəxslərin psixo-sosial problemlərinin həlli ilə məşğul olduğunu, lakin sonrakı mərhələdə azad olunmuş torpaqlarda yenidənqurma işlərinin aparılmasının vacibliyini qeyd edib. Müharibə, eyni zamanda pandemiyanın uşaqların təhsil imkanlarının məhdudlaşdırılmasına səbəb olduğunu diqqətə çatdıran Komitə sədri bildirib ki, uşaqlara bu istiqamətdə dəstəyin göstərilməsi vacib məsələdir.
Səfir Vada Cüniçi səmimi qəbul üçün təşəkkürünü bildirərək, konfliktlə əlaqədar təkcə Yaponiya hökumətinin deyil, eləcə də bütün Yaponiya xalqının narahatlıq keçirdiyini, xüsusilə də mülki əhalinin həyatlarını itirməsinin onları kədərləndirdiyini bildirirək həlak olanların ailələrinə başsağlığı verib. Yaponiya üçün beynəlxalq sənədlərin əsas götürüldüyünü qeyd edən səfir Azərbaycan və Ermənistan arasında yaşanan bu münaqişənin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll olunacağına ümidini ifadə edib.
O, Azərbaycan ilə Yaponiya arasında arasında ikitərəfli diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunmasının gələcək əməkdaşlığın genişlənməsinə şərait yaradacağını bildirib. Səfir sosial və iqtisadi sahələr üzrə Azərbaycanda reallaşdırılan layihələrin vacibliyini qeyd edərək, ailə məsələləri, qadınların müxtəlif istiqamətlərdə fəaliyyətinin artırılması sahəsində Komitə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.
Görüşdə Səfirin ikinci katibi Sugoika Mami və Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova da iştirak edib.