SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun virtual iclası keçirilib

27 oktyabr 2020

Paylaş:

27 oktyabr tarixində BMT-nin Mərkəzi Asiya Dövlətləri üçün Xüsusi Proqramının (SPECA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun virtual iclası keçirilib.

Tədbirdə qadınların iqtisadi sahədə irəliləməsi məsələləri və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində COVİD-19 pandemiyası dönəmində SPECA ölkələrində (Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan) görülən işlər müzakirə olunub.

Üzv ölkələrin yekdil səsverməsi ilə İşçi Qrupun sədri seçilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Ermənistanın hərbi təcavüzü nəticəsində mülki insanların hədəf seçilməsinin, Gəncədə baş verən terrakt zamanı qadın və uşaqların zərər çəkməsinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu vurğulayıb.

Sədaqət Qəhrəmanova çıxışının davamında BMT –nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi Təşkilatı (UN Women) ilə əməkdaşlıq çərçivəsində BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESKATO) və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən toplanan regional iclaslarında mütəmadi olaraq DİM, eyni zamanda Pekin Bəyannamə və Fəaliyyət Platformasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində əldə olunan nailiyyətlərin müzakirə edildiyini və qarşılıqlı təcrübə mübadiləsinin aparıldığını vurğuladı. O, hazırda bu vəzifələrin həyata keçirilməsində bütün dünyada pandemiya səbəbindən yaranan sosial-iqtisadi  problemlərə, eyni zamanda ölkəmizdə erməni təcavüzü ilə mübarizə kontekstində yaranan çətinliklərə baxmayaraq qadın və qızların hüquq və imkanlarının inkişaf etdirilməsi sahəsində tədbirlərin davam etdirildiyini bildirib.

Sədr müavini SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun davamlı inkişafın məqsədlərini həyata keçirməkdə, üzv ölkələrdə qadın və qızların hüquqlarının təmin edilməsində, iqtisadi fəaliyyətdə qadınların iştirakının artırılmasında COVİD-19 pandemiyasının göstərdiyi mənfi təsirlərin müzakirəsi, gender bərabərliyinin təmin olunması, qadınların hüquq və imkanlarının gücləndirilməsi sahəsində təcrübə platforması olduğunu bildirdi.

Daha sonra tədbir üzv ölkələrin bu sahədə həyat keçirilən tədbirlər haqqında məruzələri ilə davam edib. Komitənin Xarici əlaqələr və protokol xidməti  şöbəsinin müdiri Səbinə Manafova öz növbəsində çıxış edərək COVİD-19 pandemiyası dövründə Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, layihələr, əldə edilən nəticələr haqqında məlumat verib və təcrübələri bölüşüb.

Forum çərçivəsində gələcək əməkdaşlıq, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.