Dövlət Komitəsinin sədri Bahar Muradova BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində 4-cü Ümumdünya Qadınlar Konfransının 25-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasda çıxış edib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində 4-cü Ümumdünya Qadınlar Konfransının 25-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasda videofortmatda çıxış etmişdir.
Virtual formada təşkil edilmiş iclasda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, 4-cü Ümumdünya Qadınlar Konfransının ev sahibi olan Çinin nümayəndəsi, BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru, BMT-nin Əhali Fondunun icraçı direktoru və müxtəlif dövlətlərin müvafiq qurumlarının rəhbərləri iştirak etmişdir.
Tədbirin plenar hissəsində çıxış edən Komitə sədri tədbir iştirakçılarına ölkəmizdə qəbul edilmiş qanunlardan, “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasından, bu istiqamətdə görülmüş işlərdən, Azərbaycanda gender siyasətinin əsas istiqamətləri haqqında məlumat vermişdir. B. Muradova qeyd etmişdir ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən müddət ərzində Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Gender bərabərliyinin təmin edilməsi, qadınların inkişaf etdirilməsi istiqamətində bir çox sənədlər imzalanmış, qərarlar qəbul edilmişdir.
Konfrans iştirakçıları Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranan münaqişədən daha çox Azərbaycan qadınlarının əziyyət çəkməsi, onların fiziki və psixoloji travma alması barədə məlumatlandırılmış, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinə müvafiq olaraq Milli Fəaliyyət Planının qəbul edildiyi Komitə sədri tərəfindən vurğulanmışdır.
Çıxışının sonunda xanım Sədr hazırki dövrdə aktual olan COVİD-19 pandemiyasının yaratdığı çətinlikləri qeyd edərək bu bəlanın xüsusilə insan itkiləri, iqtisadi geriləmə və psixoloji gərginliyə səbəb olduğunu bildirmiş, dünya qarşısında yeni bir çağırışın formalaşdığını qeyd edərək, bu istiqamətdə birgə işlərin aparılmasının vacibliyini vurğulamışdır.