Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hərbi təcavüzünə dair beynəlxalq təşkilatlara MÜRACİƏTİ

6 oktyabr 2020

Paylaş:

27 sentyabr saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələri, inzibati binalar, tibb məntəqələri, xəstəxanalar, sosial obyektlər, təhsil müəssisələrini  iriçaplı artilleriya qurğuları, minatanlar və müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutmuşdur. Ermənistan tərəfinin törətdiyi təxribatçı əməllərin qurbanı daha çox mülki əhali – uşaqlar, qadınlar, yaşlı insanlardır.

Ermənistan  bu təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut edir. Beynəlxalq humanitar hüququn əsası olan Cenevrə Konvensiyasının tələblərini məqsədli və kobud şəkildə  pozur.

Beynəlxalq təşkilatlardan bu günədək Ermənistanın məhəl qoymadığı  BMT Təhlükəsizlik Şurasının  Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı  qətnamələrinin, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 3 və 13-cü maddələri və xüsusi mühafizəyə ehtiyacı olan qadın və uşaqlarla bağlı  “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” haqqında Bəyannamənin 1-ci və 5-ci maddələrinin, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 saylı  Qətnaməsinin 12-ci maddəsinin müddəa və prinsiplərinin gözlənilməsini tələb etmələrini  istəyirik.

Həmçinin, Ermənistan BMT-nin «Uşaq hüquqları haqqında» və «Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında» CEDAW Konvensiyasını ratifikasiya etməsinə baxmayaraq təkcə müharibə dövründə deyil, atəşkəs rejimində belə  atəş zərbələrinə məruz qoyduğu və qətlə yetirdiyi insanlar, mülki vətəndaşlar, azyaşlı uşaqlar və qadınlar olmuşdur.  

 Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin  4-cü bəndinə əsasən “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər”. Azərbaycan bu Konvensiyanın prinsip və normaların hər zaman rəhbər tutmaqla Ermənistanında   adı çəkilən konvensiyalara  riayət etməyə məcbur edilməsini vacib hesab edir.   

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara  səslənərək, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrini tələb edirik və bunu gözləyirik.