Bahar Muradova: “Əgər dünyanın hansısa nöqtəsində bir uşaq ağlayırsa, bu, bütün dünya üçün utancdır”
Paylaş:
2 oktyabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı mülki əhalini, xüsusilə qadın və uşaqları məqsədyönlü şəkildə hədəfə alaraq, hüquqlarını pozması və qətlə yetirməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən Komitə sədri Bahar Muradova bildirib ki, Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini artilleriya qurğuları və müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutması və törətdiyi təxribatçı əməllərinin qurbanının daha çox mülki əhali olması, xüsusilə, insanların məskunlaşdığı yaşayış məntəqələrinin açıq şəkildə hədəf seçilməsi erməni xislətini bir daha ortaya qoydu.
O, düşmənin hədəf seçdiyi məcburi köçkün və əlilliyi olan şəxslərin məskunlaşdığı çoxmənzilli yaşayış binalarının yararsız vəziyyətə düşdüyünü, təsərrüfat təyinatlı və mülki obyektlərə xeyli miqdarda ziyan dəydiyini, dövlət qurumlarının inzibati binalarının, rayon məhkəmələrinin yerləşdiyi binaların, uşaq bağçaları, məktəblər, hətta xəstəxanalar, təcili tibbi yardım maşınlarının, media işçilərinin hədəflənməsinin mülki əhalinin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələndiyini qeyd edib.
B.Muradova diqqətə çatdırıb ki, erməni təxribatları nəticəsində Ağdamda ata və oğulun öz mənzillərində qəfildən evlərinə top mərmisinin düşməsi nəticəsində həlak olması, Tərtər yaşayış kompleksində 2 qardaşın yaralanması, qəsəbənin tamamilə yararsız hala salınması, Naftalan şəhərində bir ailənin yer üzündən silinməsi, bu ailə üzvləri arasında 2 məktəblinin olmasının ermənilərin amansız əməllərinin bariz nümunəsidir. Bu illər ərzində baş verən hadisələr onu göstərir ki, onların siyasi davranışında heç nə dəyişməyib, əksinə onlar təcavüzkar və amansız əməllərini həyata keçirməkdə davam edirlər.
Komitə sədri qeyd edib ki, cəbhə xəttinə yaxın olan əhali ermənilərin dəfələrlə atəşkəsi pozması nəticəsində baş verən atışmalara qarşı çox həssasdır. Dinc əhalinin həyatına qəsd edilməsi, daim qorxu altında yaşamağa vadar edilməsi, insanların öz vətənlərini tərk etməyə məcbur edilməsi qəbuledilməz bir davranışdır. Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin uzun illərdir torpağından, evindən didərgin düşmüş çətin vəziyyətdə yaşayan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması, hər cür imkanlarla təmin edilməsi üçün hər zaman lazımi addımları atdığı halda, Ermənistanın yenidən bu insanları hədəfə alması işğal altında olan ərazilərə qayıtmalı olan əhalini qorxu altında saxlamaq və tamamilə məhv etmək niyyətlərindən xəbər verir.
O, eyni zamanda bildirib ki, Ermənistan bu təcavüzkar siyasəti və qeyri-insani hərəkətləri ilə növbəti dəfə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərir: “Beynəlxalq humanitar hüququn əsası olan 4 Cenevrə Konvensiyası mövcuddur ki, bu konvensiyaların tələbləri onlara qoşulan dövlətlərlə yanaşı, qoşulmayan dövlətlər üçün də məcburi xarakter daşıyır. Ermənistan tərəfinin bu Konvensiyalara qoşulmasına baxmayaraq, onun tələblərini məqsədli və kobud şəkildə pozması artıq bu sənədlərin əhəmiyyətini heçə endirir və bu beynəlxalq aləmi narahat etməlidir.”
B.Muradova Ermənistan təcavüzkar qüvvələrinin birmənalı şəkildə müharibə dövründə beynəlxalq müdafiə subyektləri olan mülki əhalini, xüsusilə qadın, uşaq və yaşlıları, tibbi personalı, yaralıları və jurnalistləri atəş zərbələrinə məruz qoyduğunu vurğulayaraq, bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş beynəlxalq hüquq normalarının tələblərini gözləmək bu təcavüzkar ölkənin vəzifəsi və beynəlxalq öhdəliyidir.
O qeyd edib ki, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının 3-cü maddəsinə görə döyüş əməliyyatlarında birbaşa iştirak etməyən şəxslərin həyat və sağlamlığına qəsd, xüsusən adam öldürmənin bütün növləri, bədən xəsarəti yetirmə, qəddar rəftar və ya işgəncə qadağan edilir. Bildirilib ki, Konvensiyanın Əlavə Protokolunun 79 (I) və 51(2) I maddələri mülki əhali ilə yanaşı jurnalistlərin, hücum obyektinin olmasını qadağan edir. Konvensiyanın Əlavə Protokolunun 52-ci maddəsində müharibə dövründə əhali mülkiyyətinə hörmətlə yanaşılması hüququna malikdir.
Azərbaycan silahlı qüvvələri BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələrək Ermənistanın silahlı birləşmələrinin təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirir və hər zaman olduğu kimi Ermənistanın mülki əhalisinə, o cümlədən qadınlara və uşaqlara qarşı müharibə aparmır.
Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adından beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrinin vacibliyini qeyd edib. Bildirib ki, Ermənistan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını və BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” üzrə CEDAW Konvensiyasını ratifikasiya etmişdir. Lakin Ermənistan tərəfinin təkcə, müharibə dövründə deyil, atəşkəs rejimində belə qətlə yetirdiyi əhali təbəqəsi məhz azyaşlı uşaqlar və qadınlar olmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 38-ci maddəsinin 4-cü bəndinə əsasən, “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər. Ölkəmiz bu Konvensiyanın prinsip və öhdəliklərini hər zaman rəhbər tutaraq, xüsusilə qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları Ermənistanın adı çəkilən Konvensiyalara riayət etməyə məcbur edilməsinə səsləyir.
O bildirib ki, Ermənistan Respublikası BMT-nin Qadın, sülh və təhlükəsizlik adlı 1325 saylı Qətnaməsinə qoşulmuş və həmin Qətnamə üzrə 2019-2021-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul etmişdir. Həmin Milli Fəaliyyət Planının 5-ci bəndində sərhəd yaşayış məntəqələrində mülki təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi qeyd olunur. Lakin sözügedən sənədin 5-ci bəndi Ermənistan tərəfindən kobud surətdə pozulmaqdadır.
Qeyd edilib ki, Ermənistan mülki obyektləri, bağçaları, məktəbləri, uşaqların gəzdiyi küçələri, oyun oynadığı parkları hədəf almaqla onların gələcəyini hədəf almış olur. Əgər dünyanın hansısa, nöqtəsində bir uşaq ağlayırsa, bu bütün dünya üçün utancdır. Biz gözləyirik ki, digər dünya ölkələri də öz haqlarını, öz ölkələrini gələcəkdə belə təcavüzdən sığortalamaq və belə hadisələrlə üzləşmək təhlükəsindən xilas etməyə çalışsınlar. Digər təşkilatlardan da mövqe açıqlayan olub. Elə Avropa Parlamenti də bu məsələni müzakirə etdi. Müzakirə nəticəsində Avropa Parlamenti də bu münaqişəni beynəlxalq hüququn prinsiplərinə uyğun və ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dair sənədlərdə əks olunan mövqeyini qoruyub saxlayıb. Gələcəkdə Ermənistanın eybəcər, təcavüzkar siması ilə yanaşı durmaq nə Avropa Şurasına, Avropa Parlamentinə, nə ATƏT-ə, nə də digər beynəlxalq təşkilatlara nüfuz gətirməyəcəkdir.
Bahar Muradova beynəlxalq təşkilatlara və dünya birliyinə etdiyi müraciətinə bu sözlərlə yekun vurub: “ATƏT-də uzun illər fəaliyyət göstərən bir insan kimi, bir qarabağlı, ev-eşiyini itirmiş bir insan kimi, nəhayət bir Azərbaycan vətəndaşı kimi çağırışımın əsas məqsədi ondan ibarətdir ki, sizin Ermənistanın mövqeyi barədə açıq fikir səsləndirməyinizin bizə faydası yoxdur. Biz öz torpaqlarımızı öz gücümüzlə azad edəcəyik”.
Erməni analarını övladlarını qorumağa səsləyən B.Muradova deyib ki, onlar övladlarının təcavüzkar, terrorçu orduda döyüşməsinin qarşısını ala və buna etiraz edə bilərlər. O, Ermənistanda itirdikləri əsgərlərin yerini doldurmaq üçün qadınlardan ibarət batalyonun yaradılması qərarının verildiyini qeyd edərək, düşmənin nə qədər acınacaqlı bir durumda olduğunu bildirib: “Bu gün Azərbaycan qadını Vətəninə qanı, canı hesabına xidmət edən övlad böyüdür. Onlar ehtiyac olan xəstəxanalarda yaralı oğullarımıza qulluq edirlər. Erməni analar öz oğullarını xilas etmək istəyirlərsə, ilk növbədə Anna Akopyanın hərəkətlərinə, avantürasına etiraz etməlidirlər".