Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə həyata keçirilir

23 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı və BP Şirkətinin maliyyə dəstəyi ilə 2020-ci il ərzində Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə həyata keçirir.

Layihənin məqsədi kənd qadınları arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik və bacarıqların gücləndirilməsi, məşğulluq imkanlarının artırılmasıdır.

Layihə çərçivəsində 2020-ci ilin mart ayında öz biznesinə başlamaq istəyən qadınlara maliyyə savadlılığı, biznes bacarıqları ilə bağlı təlimlər keçirilmişdir.  

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müvəqqəti dayandırılan layihənin icrası sentyabr ayında davam etdirilmişdir.

20 sentyabr 2020-ci il tarixində İcra Hakimiyyətinin, “Sağlam Həyat Naminə” İctimai Birliyin və BP Şirkətinin nümayəndələrinin iştirakı ilə Tovuz rayonunda 22 qadına (7 qadına şirniyyatçı, 7 qadına bərbərlik, 7 qadına dərzilik, 1 qadına dəyirmançılıq fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərinin gücləndirilməsi üçün texniki dəstək göstərilmiş, qadınlar  biznes planına uyğun olaraq  avadanlıqlarla təmin olunmuşdur.