“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin 28-ci iclası keçirilir

21 sentyabr 2020

Paylaş:

21-25 sentyabr 2020-ci il tarixlərində video bağlantı formatında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında Avropa Şurası Konvensiyasının Tərəflər  Komitəsinin 28-ci iclası keçiriləcəkdir. 

Təşkil ediləcək iclasda tərəflərin Lanzarote Konvensiyasını effektiv şəkildə tətbiq edib-etməməsinə nəzarət və monitorinqin aparılmasına dair müzakirələr aparılacaqdır.

İclasda aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:   COVID-19 pandemiyası zamanı uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsini  gücləndirilməsi, Avropa Birliyinin uşaqların cinsi istismarına qarşı daha səmərəli mübarizə strategiyası,     İKT-nin köməyi ilə uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi, qaçqın böhranına məruz qalan uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin məsləhətçisi Zahidə İsrafilova iştirak edir.

Qeyd edək ki, Lanzarote Konvensiyası dövlətlər qarşısında uşaqların hər cür cinsi hüquq pozuntularından qorunması öhdəliyini qoyur və Konvensiyaya imza atan ölkələrin bu kimi cinayətlərə görə günahkarları mühakimə etməsi qanunla təsbit edilir.