“Görünməyən qəhrəmanlar” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

15 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində 15 aprel-15 may 2020-ci il tarixlərində elan etdiyi “Görünməyən qəhrəmanlar” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri bu gün mükafatlandırılıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı dövlətin apardığı mübarizə tədbirlərinə qoşularaq müxtəlif tədbirlər, müsabiqələr, kampaniyalar həyata keçirir. Pandemiya ilə mübarizə çərçivəsində cəsurluğu və əzmkarlığı ilə seçilən tibb işçilərinin, polis və fövqəladə hallar orqanlarında xidmət göstərən insanların fəaliyyətini əks etdirən “Görünməyən qəhrəmanlar” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsi elan edilmişdir. Təqdim edilmiş məqalələr Münsiflər Heyəti tərəfindən dəyərləndirilərək müəyyən olunmuşdur.

Müsabiqənin mövzusunun uşaqların da böyük marağına səbəb olması, onlar tərəfindən də çoxsaylı yazıların daxil olması nəzərə alınaraq, “yazarlar və jurnalistlər arasında ən yaxşı yazı” və “məktəblilər arasında ən yaxşı yazı” olmaqla iki nominasiya müəyyən edilmişdir.

15 sentyabr 2020-ci il tarixində qaliblərin mükafatlandırılması məqsədilə Komitədə tədbir təşkil edilib. Mükafatlandırma mərasimində çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova qalibləri təbrik edərək, bu mövzuya həssas yanaşmaqla maraq göstərib iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə məqsədyönlü şəkildə mübarizə aparır. Qısa zaman ərzində yenixəstəxanaların inşa edilməsi, eyni zamanda tibbi maska çatışmazlığının aradan qaldırılması məqsədilə Sumqayıtda yaradılan yeni müəssisə sayəsində bu problem aradan qaldırıldı. S. Qəhrəmanova çıxışının sonunda ölkə başçısının “Biz birlikdə güclüyük” şüarına istinad edərək bildirib ki, hər bir vətəndaş bacardığı şəkildə istər maarifləndirici məqalələr yazmaqla, istərsə də ətrafındakıları təhlükələr barədə məlumatlandırmaqla bu mübarizəyə qoşula və öz töhfələrini verə bilərlər.

Komitənin sədr müavini Aynur Sofiyeva çıxışında bu mövzunun aktuallığını qeyd edərək, pandemiya dövründə hər kəsi həmrəy olmağa səsləyib. O, xüsusilə də uşaqların bu mövzuda keçirilən müsabiqələrə fəal şəkildə cəlb olunmasının əhəmiyyətini qeyd edərək, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb. A.Sofiyeva müsabiqə qaliblərini təbrik edərək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Sonda nəticələrə əsasən qalib elan edilmiş ssenarist, kinoredaktor Rafiq Səməndər və Abşeron rayonu, Saray qəsəbəsi, Azim Müzəffərov adına 2 saylı orta məktəbin 8d sinif şagirdi Səma Quliyeva Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırılıb.

 

Rafiq Səməndər – CAVİD – COVID (Hekayə)

Səma Quliyeva – Şəfa