15 sentyabr Bilik Günüdür

15 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün uşaqları və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, bütün təhsil alanlara,  xüsusilə də bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə dərslərində uğurlar diləyirik.

Pandemiya və karantin rejiminin tələblərinə uyğun olaraq bu il dərs ili xüsusi qaydalar əsasında fərqli formatda başlayır.  Ölkə başçısı cənab İlham Əliyevin, eyni zamanda Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər sayəsində bu gün övladlarımız məhdud imkanlar daxilində olsa da məktəb həyəcanını yaşaya biləcək.  Bununla əlaqədar olaraq həm valideynləri, həm də müəllimləri uşaqların və ailələrimizin sağlamlığı naminə müəyyən edilmiş qaydalara daha həssas və məsuliyyətlə yanaşmağa çağırırıq.

Biz hazırda elm və texnologiyalar əsrində yaşayırıq. Gələcək nəslin savadlı, elmli və layiqli vətəndaş kimi yetişməsi üçün təhsil prioritet istiqamətlərdəndir. Bununla yanaşı, övladlarımızı biliyə istiqamətləndirən zaman unutmamalıyıq ki, bir uşağın şəxsiyyət kimi yetişməsində ən vacib məqamlar təhsillə yanaşı onun fiziki və psixoloji sağlamlığı, eyni zamanda milli dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyəsidir.  

Valideynlərə övladlarına bilik verən zaman intellektual  və emosional zəka əmsallarının onların formalaşmasında bərabər şəkildə iştirak etdiyini,  gələcəkdə nailiyyətlər qazanmağa stimul verdiyini diqqətə almalarını tövsiyə edirik.