Komitə nümayəndəsi beynəlxalq videokonfransda çıxış edib

25 avqust 2020

Paylaş:

 

21 avqust 2020-ci il tarixdə Qazaxıstan Respublikasının təhsil işçilərinin illik respublika tədbirləri çərçivəsində "Uşaqların rifahı: yeni zamanın problemləri və riskləri" mövzusunda beynəlxalq videokonfrans keçirilib. BMT-nin Uşaq Fondunun (UNICEF) Qazaxıstandakı nümayəndəsi Artur van Dizenin texniki və ekspert dəstəyi ilə təşkil olunan tədbirdə11 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva, Moldova, Rusiya Federasiyası, Ukrayna, Belarus) uşaq hüquqlarının müdafiəsini əlaqələndirən mərkəzi dövlət orqanlarının məsul şəxsləri, beynəlxalq və milli ekspertlər iştirak edib.

Videokonfransda Azərbaycan Respublikasını təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər. C.Bağırova “Azərbaycanda dövlət uşaq siyasəti” mövzusunda çıxış edərək uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunmasının  dövlət siyasətinin prioritet istiqamətlərindən  biri oduğunu bildirib. Azərbaycanın müstəqil dövlət kimi qoşulduğu ilk Konvensiyanın  da məhz uşaq hüquqlarına dair olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

C.Bağırova son illər həyata keçirilən tədbirlər, o cümlədən,  bu il qəbul olunan “Azərbaycan Respublikasının uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın məqsəd və hədəfləri barədə ətraflı məlumat verdi. O,  bildirdi ki, sənəd Azərbaycanda uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, bu sahədə işlək mexanizmin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümə və tərbiyə, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.

O, eyni zamanda, təcavüzkar siyasət yürüdən erməni separatçıları tərəfindən ərazilərimizin işğalı, atəşkəs rejiminin dəfələrlə pozulması məsələlərinə toxunaraq bildirib ki, münaqişə insanların psixoloji, sosial, iqtisadi həyatına əhəmiyyətli dərəcədə təsir göstərir və bu hallar bölgədə sağlamlıq imkanları məhdud uşaqların sayının artmasına gətirib çıxarır.

C. Bağırova  uşaq müdafiəsi sahəsində qəbul edilən qanunlar və dövlət proqramları barədə məlumat verərək mütəmadi olaraq uşaqların qidalanması, təhlükəsizliyi, zorakılıqdan müdafiəsi və digər məsələlərlə bağlı aparılan monitorinqlər və nəzarət tədbirləri barədə ölkəmizin təcrübəsini iştirakçılarla bölüşüb.

Həmçinin, bu il Baş Nazirin Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi və bu istiqamətdə aparılacaq işlər barədə məlumat verərək qeyd edib ki, Dövlət Komitəsi bu istiqamətdə gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədbirlər keçirir, maarifləndirici vəsaitlər hazırlayır, əhali arasında maarifləndirmə işini təşkil edir, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri barədə ictimaiyyətə məlumat verir.

Beynəlxalq videokonfrans zamanı uşaqların rifahı üçün milli monitorinq sistemlərinin (uşaqların rifahı indeksi), dövlət büdcəsinin uşaqların və ailələrin (uşaqların büdcəsinin) mənafelərinə məqsədli xərclənməsi üzrə  milli alətinin inkişafı məsələləri müzakirə olundu, uğurlu təcrübə mübadiləsi aparıldı.