“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçirildi

16 sentyabr 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri  və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi  istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.  

Bu istiqamətdə görülən işlərin davamı olaraq,  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir. Layihə çərçivəsində növbəti tədbir Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə iyulun 26-da rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Abşeron rayonu,
Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi
Hafiz Mikayılov tədbir iştirakçılarını salamlayıb, rayonda bu sahədə görülən işlər barədə məlumat verərək, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov yaradılmış şəraitə görə Abşeron rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib və “İnsan alverinin qurbanı olma!” adlı təqdimatı nümayiş etdirərək insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədətədbir iştirakçılarına məlumat verib.

Komitənin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə çıxış edərək insan alveri ilə mübarizə istiqamətində qanunvericilikdə atılan addımları qeyd edib, ona şərait yaradan sosial problemlərdən biri kimi məişət zorakılığının olduğunu bildirib.

Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məlahət Abdullayeva problemin aktuallığını qeyd edərək, bu istiqamətdə aparılan maarifləndirmə işinin önəmindən bəhs edib.

Komitə əməkdaşı Azər İsalı insan alveri ilə mübarizə sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülmüş işlər barədə məlumat verərək, insan alverinin fəsadlarının cəmiyyət üzvlərinə çatdırılmasında filmlərin, sosial çarxların önəmini vurğulayayıb və  “Azərbaycan Ailəsi” Film Festivalı barədə geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Abşeron rayon Mədəniyyət Mərkəzinin Bədii rəhbəri Çimnaz Qurbanova və Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyevmövzu ilə əlaqədar çıxışlar edib.

Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb və iştirakçılara Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulub.