“COVİD-19 kontekstində məişət zorakılığının qarşısının alınması sahəsində təcrübələrə dair” onlayn seminar keçirildi
Paylaş:
24-25 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının dəstəyi ilə “COVİD-19 kontekstində məişət zorakılığının qarşısının alınması sahəsində təcrübələrə dair” Multi-TAİEX onlayn seminar keçirilib.
Seminarda gender siyasətinin təmin olunması sahəsində fəaliyyət göstərən 30-dan çox ölkənin ekspertləri iştirak edib.
İki günlük seminar müxtəlif ölkələrdə COVİD-19 pandemiyası dövründə qadın və uşaqların zorakılıqla bağlı qarşılaşdığı çətinliklər və yaranan problemlərin həlli istiqamətində qanunvericilikdə nəzərdə tutulan müddəalar əsasında atılan addımlar, qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə müzakirələr və təkliflərin dinlənilməsinə həsr olunub. Eyni zamanda, görüşdə iştirak edən Avropa ölkələrinin rəsmiləri gender bərabərliyinin təmin edilməsi sahəsində öz ölkələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışaraq, təcrübələrini bölüşüblər.
Onlayn konfransda Azərbaycandan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova, Hüquqi təminat şöbəsinin əməkdaşları Seymur Məmmədov, Tural Hüseynzadə, İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Raidə Əmirbəyova və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Məryəm Hacı-İsmayilova iştirak edib.
Sessiya zamanı AQUPDK-nın Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova çıxış edərək, pandemiya dövründə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən mühüm tədbirlər və müsbət təcrübələr haqqında söz açıb.