Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir

7 aprel 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti sosial layihələrindən biri kimi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirir. 

Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanmışdır. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif olan və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər. 

Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aprelin 7-də Milli Hematologiya və Transfiziologiya Mərkəzində qanvermə aksiyası keçirilib. Vətəndaşlar həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulublar. Aksiyada “Ümidli Gələcək” İctima Birliyi, “Birlik” Xeyriyyə Təşkilatı, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İB,
“SAF Həyat Naminə" Gənclər İB, Bakı Tekstil Fabrikinin əməkdaşları, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri də iştirak ediblər. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.