Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə nəzərdə tutulan tədbirlər haqqında MƏLUMAT
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərdə tutulmuşdur. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin uşaqları üçün BP şirkətinin idarə etdiyi Neft və Qaz terminalında yerləşən “Xəzər Enerji” mərkəzində ekskursiyanın təşkili nəzərdə tutulmuşdur. Ekskursiyanın təşkilində məqsəd 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin uşaqlarının asudə vaxtının səmərəli təşkili, həmçinin uşaqları BP-nin idarə etdiyi Neft və Qaz terminalında yerləşən Xəzər enerji mərkəzində neft məhsulları və neftçıxarma avadanlıqları ilə tanış etməkdir. Daha sonra Komitə tərəfindən Azərbaycan Şəkərli Diabet liqasının şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil ediləcək. Ekskursiyanın təşkilində məqsəd Şəkərli Diabet xəstəliyindən əziyyət çəkən uşaqların asudə vaxtının səmərəli təşkili, həmçinin uşaqları “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu ilə tanış etmək, Azərbaycan tarixinin qədimliyini, zənginliyini onlara göstərməkdir. Silsilə tədbirlərin yekunu olaraq Komitə tərəfindən “YARAT” Müasir İncəsənət Məkanı ilə birgə “İstedadlı uşaqlar festivalı-2014” adlı tədbir keçiriləcəkdir. Tədbirdə elm, yaradıcı, incəsənət və idman sahələrində Azərbaycan Respublikasını Beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş 200-ə yaxın uşaqlar Komitə tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.