15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfrans keçiriləcək
Paylaş:
Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini də ailə siyasəti təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2008-ci ildən etibarən hər il may ayında Komitə tərəfindən “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.
Dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində aparılan işlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransın keçirilməsi nəzərdə tutulur. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.
Konfransda “Dövlət ailə siyasəti və onun inkişaf yolları”, “Ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu”, “Ailənin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi”, “Beynəlxalq təşkilatların ailə institutunun möhkəmləndirilməsində rolu”, “Ailə dəyərlərinin qorunması: ailə,məktəb və cəmiyyətin vəhdəti”, “Gənclərin həyat strategiyasının formalaşmasında ailənin rolu”, “Müasirləşmə və qloballaşmanın ailə institutuna təsiri”, “İslamda ailəyə baxış”, “Müasir ailə, sosial şəbəkələr və mənəvi dəyərlər”, “Azərbaycan ailə mədəniyyəti və müasirlik” mövzuları üzrə çıxışların ediləcəyi nəzərdə tutulur.
15 May 2019-cu il tarixində, saat 10:30-da “Hyatt Regency Baku” otelinin Quba zalında keçiriləcək konfransda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcək.
Tədbirdə müzakirə ediləcək məsələlərin əhəmiyyətini nəzərə alaraq, konfransın işıqlandırılmasında KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.