“Azərbaycan ailəsi 2016” film festivalına yekun vurulur
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 2009-cu ildən etibarən “Azərbaycan ailəsi” adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
Yaranmış ənənəyə uyğun olaraq, cari ilin 29 mart tarixində növbəti “Azərbaycan ailəsi 2016” film festivalına start verilmiş, 7 ay ərzində festivalın Təşkilat Komitəsinə peşəkar və həvəskar iştirakçılar tərəfindən fərqli və maraqlı işlər təqdim edilmişdir. Film və fotoşəkillər ictimaiyyətin tanınmış və nüfuzlu münsiflər heyəti (13 nəfərdən ibarət) tərəfindən qiymətləndirilmişdir.
“Azərbaycan ailəsi 2016” film festivalının mükafatlandırma və bağlanış mərasimi 29 noyabr 2016-cı il tarixində saat 14:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Tədbirdə festival iştirakçılarının, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, tələbələrin iştirakı nəzərdə tutulmuşdur. Tədbirdən öncə yerli İcra Hakimiyyətləri tərəfindən Təşkilat Komitəsinə təqdim edilmiş Azərbaycanımızın bir çox bölgələrinin ailə dəyərlərini, ənənələrini, tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaqdır.
Tədbirin əhəmiyyətini nəzərə alaraq, daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.