“Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində Sabunçu rayon Asudə Vaxt Mərkəzində tədbir keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə keçirilən “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində növbəti tədbir aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin, eləcə də ailələrin iştirakı ilə 14 fevral 2019-cu il tarixində Sabunçu rayon Asudə Vaxt Mərkəzində keçirilib.
İlk olaraq qonaqlar gətirdikləri hədiyyə kitablarını layihə üçün xüsusi hazırlanmış guşədə yerləşdirərək “Ailə klubuna” üzvlük vəsiqəsi əldə ediblər.
Tədbir bədii hissə ilə başlayıb. Azərbaycan xalq nağıllarından müxtəlif hissələr uşaqlar tərəfindən səhnələşdirilib. Həmçinin, tədbir iştirakçıları uşaqların rəsm əsərləri ilə tanış olublar.
Giriş sözü ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbir iştirakçılarını salamlayaraq, mütaliənin gənc nəslin maariflənməsində, dünyagörüşünün artmasında, təfəkkürünün inkişafında mühüm rol oynadığını
qeyd edib. Rəna Fərəcova bildirib ki, kitab insanda bir sıra müsbət keyfiyyətləri formalaşdırmaqla hər kəsin ən etibarlı dostuna çevrilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva cəmiyyətin mənəvi və intellektual inkişafında mütaliənin vacibliyindən danışaraq, uşaq və gənclərdə mənəvi zənginliyi formalaşdırmaqda kitabın xüsusi əhəmiyyətinin olduğunu bildirib. O, məhz layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib.
Aynur Sofiyeva layihənin eyni zamanda ailə münasibətlərinin, ailə bağlarının möhkəmləndirilməsi istiqamətində də faydalı olacağını diqqətə çatdırıb.
Millət vəkili, Milli Məclisin Ailə ,qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova ailədə kitaba sevginin hər bir kəsə uşaq yaşlarından aşılanmalı olduğunu, xüsusilə də bu işdə valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, “Azərkitab” Mərkəzinin direktoru Misirxan Həsənov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Şücayət Piriyeva, Sabunçu rayon Asudə Vaxt Mərkəzinin direktoru Vüsalə Kərimova, Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin müəllimi Məleykə Muradova (təqdimatla), Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəcibə Hüseynova,Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, gənc uşaq yazarı Amin Sükut layihənin əhəmiyyəti barədə çıxışlar ediblər.
Tədbirin yekununda iştirakçı uşaqlarla birgə xatirə şəkili çəkdirilib.