Dövlət Komitəsinin sədri Həştərxanda qadın sahibkarların forumunda çıxış edib
Paylaş:
22-24 oktyabrın 2018-ci il tarixində Rusiyanın Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir.
Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti təmsil olunur.
Forumdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər.
Oktyabrın 22-də başlayan Forumda çərçivəsində Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğu vurğulanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, onun adını daşıyan park, ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. H.Hüseynova xatırladıb ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda qadın sahibkarlar da iştirak ediblər, Forum çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Hicran Hüsyenova: "Həştərxandan olan həmkarlarımız ilə görüşlər investisiyaların cəlb edilməsi məsələlərini həll etməyə, birgə humanitar layihələrin həyata keçirilməsinə kömək edəcək".
Həştərxan vilayəti qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Həştərxan və Azərbaycanda qarşılıqlı biznes mərkəzlərinin tikilməsinin əhəmiyyətini vurğulayıb, qadın sahibkarları forumunun bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib. Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir.
Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumunda çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaratmışdır. Azərbaycanda da qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyəti fonunda ötən 27 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Son illər ərzində həyata keçirilən davamlı və uğurlu siyasət öz müsbət töhfələrini vermişdir. Qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə, dörd yüz əlli (453 731) mindən çox qadını, üç yüz doqquz mindən çox uşağı (309 080) əhatə edən 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun və xüsusilə də sahibkarlığın inkişafı bu artımı təmin edir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”
Hicran Hüseynova qeyd edib ki, ölkəmizin qarşısında Gələcəyə Baxış İnkişaf Konsepsiyası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Sənəddə Gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi müstəqil məqsəd olaraq müəyyən edilmiş və məqsədə çatmaq üçün hədəf göstərilmişdir. Eyni zamanda, ölkə başçısı tərəfindən 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir: “Azad rəqabət mühitinin yaranması, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Bu strategiyaya uyğun olaraq, Komitənin əsas vəzifələrindən biri də qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərməkdir.”
Kənd yerlərində yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakının yoxsulluq, aclıq və ərzaq çatışmazlığı hallarını aradan qaldırmaq və davamlı inkişafa nail olmaq üçün göstərilən qlobal səviyyəli cəhdlərdə mühüm rol oynadığını qeyd edib: “Qadınlar, dünyada kənd təsərrüfatındakı işçi qüvvəsinin böyük bir hissəsini – qırx üç faizini təşkil edir. Dünya ərzaq istehsalının yarısı qadınların üzərinə düşür. Ölkəmizdə əhalinin ¼-ni təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi davam edir. Bu layihə əsasında yüzlərlə qadın öz biznes fəaliyyətinə başlayıb. Sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, eləcə də, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır.”
O bildirib ki, Azərbaycanda Biznes Tədris Mərkəzi yaradılmışdır. Həmin Mərkəz sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti, təlim və digər xidmətləri sistemli və daimi qaydada həyata keçirən regional şəbəkələrə malikdir. Mərkəz əhalinin daha çox hissəsinin, o cümlədən qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi baxımından da əhəmiyyətli rol oynayır. Xüsusilə, kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resurslardan, əsasən də banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Komitə tərəfindən mütəmadi olaraq “Qadın mütəxəssislərin hazırlanması və Azərbaycanın regionlarında qadın sahibkarlığının inkişaf etdirilməsi layihəsi çərçivəsində “”Maliyyə savadlılığı” və “Öz biznesini başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş və Əmək Yarmarkaları reallaşdırılır. Bizim Komitənin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə son 7 ayda sahibkar qadınların iştirakı ilə 50-dən artıq tədbir keçirilib.
Azərbaycan və Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı və digər tədbirlər keçirilib. Ailə Biznesinə Dəstək (ABAD), Azərbaycan Sahibkarlar Konfederasiyası, Gazzeli Group İşgüzar Qadınların İnkişafı Naminə İctimai Birliyi, Nərgiz Klinikasının və digər təşkilatların nümayəndləri iştirak edib. Eyni zamanda azərbaycanlı sahibkarların sərgilərinə baxış keçirilib.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin sosial inkişaf və əmək naziri Oleq Petelinlə görüşüb,
Səfər zamanı Heydər Əliyev adına məktəbə, “Korreskiya və inkişaf” adlı uşaqların reabilitasiyası üzrə elmi praktiki mərkəzə baş çəkilib, “İstok” (mənbə) adlı yetkinlik yaşına çatmayanlar üçün regional-sosial reabilitasiya mərkəzinə baş çəkilib.