“Uşaqların ana südü ilə qidalandırılmasının faydaları” mövzusunda tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikamızın şəhər və rayonlarında gənclərin müasir dövrün aktual məsələləri ilə bağlı maarifləndirilməsi istiqamətində müxtəlif genişmiqyaslı layihələr həyata keçirir. Layihələr çərçivəsində Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisələrində tələbələr üçün keçirilən tədbirlərdə müxtəlif aktual mövzular ətrafında ekspertlərin məruzələri dinlənilir, diskussiyalar aparılır və tələbələri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılır.
Layihə çərçivəsində növbəti tədbir 4 oktyabr 2018-ci il tarixində Bakı İdarəetmə və Texnologiyalar Kollecində qız tələbələri üçün keçirilib. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” Dövlət Proqramının 4.7.2-ci bəndinə uyğun olaraq “Uşaqların ana südü ilə qidalandırılmasının faydaları” mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Faiq Şahbazlı bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin Kollecdə artıq ənənə halını aldığını, Kollecin müəllim-tələbə heyətinin aktual mövzular ətrafında müzakirələrə hər zaman maraq göstərdiyini qeyd edib və təşkilatçılara öz minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova ölkəmizdə Komitə tərəfindən həyata keçirilən ailə siyasəti barədə tədbir iştirakçılarına qısa məlumat verib. Çıxışı zamanı erkən nikah, qan qohumları arasında bağlanan nikahların fəsadları, nikahdan öncə tibbi müayinə, reproduktiv sağlamlıq kimi mövzulara toxunan G.Məmmədova tələbələri aktiv olmağa səsləyib.
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə “Ana südü ilə qidalanmanın təşviq edilməsinin əhəmiyyəti” adlı təqdimatla çıxış edib. Çıxışı zamanı Ş.Mirzəzadə tələbələrə ana südünün faydaları, ana südündən istifadədən imtinanın yaratdığı fəsadlar, ana südünün körpələrin gələcəkdəki inkişafına müsbət təsirləri barədə geniş məlumat verib.
Çıxışlardan sonra Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilən “Xoşbəxtliyin açarı” və “Ailə bir ağacdır” adlı qısametrajlı sosial çarxlar nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb, Kollecin kitabxanasına Dövlət Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış maarifləndirmə bukletləri təqdim olunub.