Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova II Avrasiya Forumunda iştirak edib

21 sentyabr 2018

Paylaş:

2015-ci ildə keçirilən ilk Avrasiya Qadınlar Forumu böyük bir ictimai reaksiyaya səbəb  oldu və qlobal bir xarakter qazandı. Bu Forum  qadınların sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində, mühüm sosial-iqtisadi və humanitar problemlərin həllində artan rolunu nümayiş etdirdi. 80 ölkədən 1000-dən çox iştirakçı Forumu müntəzəm olaraq keçirmək fikrini - hər üç ildə bir dəfə yekdilliklə dəstəklədi.

Bu ilin sentyabrın 19-21-də  Sankt-Peterburqda İkinci Avrasiya Qadınlar Forumu  keçirilib.   BMT Baş Assambleyasının "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər olan dövr üçün davamlı inkişaf gündəliyi " bəyannaməsi ilə uyğun olan  İkinci Avrasiya Qadınlar Forumunun proqramı  çox dinamik olub.   "Qlobal Təhlükəsizlik və Davamlı İnkişaf üçün Qadınlar" plenar sessiyasında çıxış edən Rusiya Federsaiyası dövlət başçısı Vladimir Putin  Forumun təşkilatçıları və qonaqlarını salamlayaraq bildirib ki, “sürətlə dəyişən dünyada  qadınlar müxtəlif sənaye sahələrində güclü və uğurlu çıxış edərək, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayırlar, qadınlar əsas sosial-iqtisadi və humanitar problemləri həllində aktiv iştirak edirlər.

İkinci Avrasiya Qadınlar Forumunda dünyanın 110 ölkəsindən təxminən

2 000 siyasətçini, iş adamını, elm adamını və ictimai xadimlərini bir araya gəlib. Forum çərçivəsində dəyirmi masalar, panel müzakirələri, tematik biznes dialoqları və ekspert və strateji iclaslar keçirilib. "Qlobal təhlükəsizlik və davamlı inkişaf üçün qadınlar", "Qadınlar gündəminin təşviqi: beynəlxalq əməkdaşlıq", "Qadınlara istiqamətli qlobal təşəbbüslər və yeni imkanlar" mövzularında müzakirələr aparılıb.  Federasiya Şurasının sədri Valentina Matvienko çıxışında qeyd edib ki, üç il bundan öncə mövcud forum dünyanın 110 ölkəsindən iştirakçıları bir araya gətirərək qlobal statusunu təsdiqləmişdir.

Avrasiya Forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin  optimallışdırılması,  fasiləsiz   yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və  ümumiyyətlə davamlı inkişafın uğu­runun  təzahürüdür.  Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız , xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm  işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Respublikanın  birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə  böyük  töhfədir.   Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə zəmin yaradır. 

Sədr müavini vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin həyata keçirilməsi ilə bağlı gender məsələləri ölkə qarşısında duran əsas hədəflərdəndir. Dayanıqlı İnkişaf Məqsədlərində  5-ci məqsəd – qadınlara qarşı bütün formalarda ayrı seçkiliyin və zorakılıq hallarının aradan qaldırılması, iqtisadi resurslara bərabər çıxış imkanlarının təmin edilməsi, səlahiyyətlərinin genişləndirilməsi və gender bərabərliyinin təşviq olunması kimi məsələləri əhatə edir. Bundan əlavə 5-ci məqsədlə yanaşı, 1, 2, 4, 6, 8, 11 və 13-cü məqsədlər də genderlə bağlı hədəfləri özündə ehtiva edir. Belə ki, yoxsulluğun aradan qaldırılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır.

Qeyd etmək lazımdır ki, az təhsilli və iqtisadi  asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Bu baxımdan, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Və əlbəttə, aktual məsələlərdən biri də, bölgələrdə yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahikarlıqla məşğul olmasında belə layihələr  mühüm əhəmiyyətə malikdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə  reallaşdırdığımız  “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsidir.  Artıq layihə çərçivəsində  5 rayonda onlarla qadın biznes fəaliyyətinə başlayıb. Bu isə qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Bu layihənin davamlı olması və daha çox qadınların cəlb edilməsi üçün Heydər Əliyev Mərkəzlərində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada qadınların sosial və iqtisadi hüquqları, o cümlədən, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn digər məsələlər sahəsində qadınlara təlimlər keçirilir. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyanın İdarə Heyətinin sədri

Səkinə Babayeva isə ölkədə qadın sahibkarlığının inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, qadınların qarşısında dayanan əsas hədəflərdən bəhs edərək bir sıra təkliflər irəli sürüb.  Nümayəndə heyətinin digər üzvü  tarix elmlər doktoru İradə Hüseynova isə qadın hüquqlarının müdafiəsi və dünyada qadın iştirakçılığının əhəmiyyətindən danışıb.