Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Çin Xalq Respublikasına səfərdədir
Paylaş:
15-17 may tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Qadın qüvvələrinin birləşdirilməsi, birgə inkişafın stimullaşdırılması” mövzusunda Şanxay Əməkdaşlıq Təşkilatının Birinci Qadın Forumu keçirilir.
Forumda Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.
Forumun açılış mərasimində çıxış edən Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin müxtəlif ölkələrin qadınları üçün yeni əməkdaşlıq platformaları yaratdığını söyləyib, bununla da ümumi problemlərin həllində qadınların oynaya biləcəyi böyük roldan danışıblar.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı Forumun işinə uğurlar arzu edib. O qeyd edib ki, bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edirik. Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, Bakıda ilk qızlar seminariyası hələ 1901-ci ildə yaradılmışdır.
Forum çərçivəsində təşkil olunan “Qadın qüvvələrinin birləşdirilməsi, birgə fəaliyyətin stimullaşdırılması” və “Qadınlar və gözəl dünya” adlı sessiyalarda Dövlət Komitəsinin sədri “Azərbaycan Respublikasında qadın siyasətinin əsas istiqamətləri” mövzusunda çıxış edib. O deyib: “Azərbaycan qadını hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Onlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əlbəttə ki, ölkənin inkişafı vətəndaşların da yaşayışına müsbət təsir göstərir.”
Dövlət Komitəsinin sədri bildirib ki, Ailə, Cinayət, Mülki, İnzibati Xətalar Məcəllələrinə, “İcra haqqında” Qanuna edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu: “Ölkəmizdə xüsusilə, qadın sahibkarlığının inkişafı istiqamətində müsbət nəticlər var. Sahibkarlığın, xüsusilə, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bununla bağlı Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Bundan əlavə qedy etməliyik ki, bələdiyyə üzvlərinin sayı olan qadınların da sayı arataraq 35 faiz olmuşdur”
Hicran Hüseynova qadınlara dövlət tərəfindən göstərilən etimadı yüksək qiymətləndirirək bildirmiş ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında biz ölkə qadınlarının fəallığının, onların istedadların, bilik və savadlarının nələrə qadir olduğunu hər zaman müşahidə edirik. Mehriban xanım Əliyeva qadınları narahat edən məsələlərə xüsusi diqqət göstərir.
Hicran Hüseynova onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı qeyd edib ki, Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsi göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon soydaşımızın təxminən yarısını təşkil edən qadınların da problemləri dövlətin diqqət mərkəzindədir.
H.Hüseynova ŞƏT çərçivəsində qadınların əməkdaşlığının genişləndirilməsi ilə bağlı təkliflər verib.
Daha sonra Dövlət Komitəsi sədrinin Belarus Qadınlar Şurasının sədrinin birinci müavini Svetlana Sitnikova, Tacikistan Hökuməti yanında Ailə və Qadın məsələlər üzrə Komitəsinin sədri Kosimzoda İdigul və Özbəkistanda Baş nazirin müavini, Qadın Komitəsinin sədri
Tanzila Narbayeva və digər dövlətlərin müvafiq qurumların nümayəndələri ilə ikitərəfli görüşləri baş tutub. Görüşlərdə əməkdaşlıq məsələləri və təcrübə mübadiləsi müzakirə olunub.
Dövlət Komitəsi sədri Hicran Hüseynova Çin televiziyasına müsahibə verərək, ölkəmizdə həyata keçirilən dövlət qadın və uşaq siyasəti istiqamətində əldə edilmiş nailiyyətlər və müsbət təcrübə haqqında məlumatları diqqətə çatdırıb.
Forum zamanı Azərbaycan qadınlarının müxtəlif sahələrdəki fəaliyyətlərini əks etdirən stend nümayiş olunub. Sərgidə Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən qadın və uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər, qadınların orduda, idmanda, sərhəddə, xalçaçılıqda və digər mühüm sahələrdəki fəaliyyətləri təqdim olunub. Sərgidəki fotolar tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbir yekun sənədin qəbulu ilə başa çatacaq.