Komitə sədri BMT QAK-ın Azərbaycandakı rəhbəri ilə görüşüb

7 may 2018

Paylaş:

8 may 2018-cı il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)Azərbaycandakı rəhbəri Furio de Angelis ilə görüşü keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə daim diqqət və qayğı ilə yanaşmışdır. Qeyd edilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Onların sosial problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində ölkəmizdə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər əvəzolunmazdır.

Dövlət Komitəsinin sədri  Hicran Hüseynova qaçqın və məcburi köçkün qadınların məşğulluq problemlərinin həlli istiqamətində ikitərəfli əməkdaşlığın genişləndirilməsini təklif edib. Eyni zamanda, qadınların reproduktiv hüquqlarının və əhalinin sağlamlıq mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Hicran Hüseynova qaçqın və məcburi köçkün qadınların məşğulluq istiqamətində iştirakının artırılması məqsədilə yeni uşaq bağçaların açılmasını çıxış yolu kimi təklif edib.

Müzakirə çərçivəsində cənab Furio qaçqın və məcburi köçkün qadınlardan ibarət dəstək şəbəkəsinin yaradılması və fəaliyyəti haqqında məlumat verib.

Görüşdə cəmiyyətin həssas və inkluziv təbəqəsi ilə aparılan işin mentorluq layihələri çərçivəsində diqqətin artırılması müzakirə edilib. Eyni zamanda, ikitərəfli görüşdə qaçqın və məcburi köçkün ailələrlə maarifləndirmə və reabilitasiya işinin davam etdirilməsinin vacibliyi qeyd edilib. Xüsusilə, cari ildə regional təlimlərin keçirilməsi və araşdırmaların aparılması sahəsində müzakirələr keçirilib.