Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə dəyişiklik təsdiq edilib

Paylaş:
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanunu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqlnda Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Dəyişikliklərə aşağıdakı məsələlər aiddir:
1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların adı dəyişdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlandırılır
Bu dəyişikliyin qəbul edilməsində əsas məqsəd yetkinlik yaşına çatmayanların yaşına münasibətdə qanunvericilikdə vahid yanaşmanın təmin edilməsidir.
2. Uşaqlara münasibətdə qəyyumluq və himayə ilə bağlı səlahiyyətlər komissiyalara həvalə edilir
Əvvəl yerli icra hakimiyyətlərində uşaq məsələlərinə iki orqan baxırdı: qəyyumluq və himayə orqanı və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya. Yerli səviyyədə uşaq məsələləri ilə məşğul olan iki ayrı-ayrı qurumun mövcudluğu ölkədə uşaq müdafiə mexanizmini mürəkkəbləşdirir və səmərəliliyini azaldır.Artıq uşaqlara münasibətdə qəyyumluq və himayə orqanlarının səlahiyyətlərini komissiyalar həyata keçirəcək.
3. Görülən işlər barədə hesabat ildə 4 dəfə təqdim edilir
Dəyişikliyə əsasən yerli komissiyalar tərəfindən yuxarı komissiyalara ildə 4 dəfə (rüblük, altı aylıq, doqquz aylıq, illik) gördükləri işlər barəsində hesabat təqdim edilir ki, bu da komissiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsinə imkan verəcəkdir. Əvvəl hesabat ildə iki dəfə təqdim olunurdu.
4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katiblik yaradılır.
Dəyişikliyə əsasən Nazirlər Kabineti yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində yaradılan Katiblik tərəfindən təmin edilir.
Katiblik aşağıdakı vəzifələri həyata keçirir:
- yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır;
- komissiyaların məsul katiblərinə metodik yardım göstərir;
-uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın nəticəsi barədə Nazirlər Kabineti yanındakı komissiyaya məlumat verir;
- uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir;
-Nazirlər Kabineti yanındakı komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırır;
- hesabatları ümumiləşdirərək, Nazirlər Kabineti yanındakı komissiyaya təqdim edir.
Bu dəyişiklik yerli komissiyaların fəaliyyətinin təkmilləşdirilməsini təmin edəcək və əlaqələndirmə mexanizmi gücləndirəcək.
5. Hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən tədbirlər və fərdi profilaktik iş
Dəyişikliyə əsasən hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirlərinin növləri sırasından uşağın üzr istəməsi çıxarılmışdır, həmçinin uşaqlar barəsində tətbiq edilən digər intizam tədbirləri ilə yanaşı onunla “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi profilaktik işin aparılması təmin ediləcək.
6. Uşaqların işləri üzrə icraatla bağlı da dəyişiklik edilib
Əvvəlki qaydaya əsasən komissiyanın işə və ya materiala dair qərarının surəti barəsində qəbul edilmiş yetkinlik yaşına çatmayana və zərərçəkmiş şəxsə göndərilirdi.
Dəyişikliyə əsasən, qəbul edilmiş qərarın surəti 3 gün müddətində komissiyalar tərəfindən həmçinin Katibliyə göndərilir. Bu dəyişiklik qəbul edilən qərarların monitorinqini və təcrübədə vahid yanaşmanın formalaşdırılmasını təmin edəcək.