Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycan deyəndə səni düşünürük biz” mövzusunda tədbir keçirilib

8 may 2024 18:56

Paylaş:

8 may 2024-cü il tarixində YAP Füzuli rayon təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycan deyəndə səni düşünürük biz” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Horadiz şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Füzuli rayon Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb.

Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası (YAP) haqqında fikirlərini bölüşən sədr, onu Azərbaycanın çətin günlərində proseslərin önündə gedən, ölkəni xilas etmək, dirçəltmək üçün vəzifələri müəyyən edən, yenilikçi bir siyasi partiya adlandırıb. Əlavə edib ki, bu gün 700 mindən artıq üzvü olan partiyanın dünyanın hər yerində tərəfdaş və müttəfiqləri vardır.

Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi üçün gördüyü böyük işlərdən danışan B.Muradova vurğulayıb ki, Azərbaycan xalqı dahi liderimizin misilsiz xidmətlərini hər zaman minnətdarlıqla xatırlayacaq.

Bu gün əldə olunan nailiyyətlərin müasir Azərbaycan dövlətini quran, başlıca sərvətimizə çevirən Ulu Öndərin siyasətinin nəticəsi olduğunu bildirən Komitə sədri, bu dövləti yeni azərbaycançılıq siyasəti istiqamətində daha da gücləndirən Ali Baş Komandan İlham Əliyev olduğunu bildirib.

Qələbədən sonra işğaldan azad olunan torpaqların qısa müddət ərzində inkişafına diqqət çəkən Bahar Muradova, bu torpaqlarda böyüyən uşaqların öz vətəninə, torpağına, dəyərlərinə sadiq övladlar kimi yetişəcəyinə əminliyini ifadə edib.

Tədbir çıxışlarla davam edib.