Regionlarda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Kənd və qəsəbələrdə, mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə mərkəzlərin və aidiyyəti qurumların əməkdaşları, təhsil və tibb işçiləri, məktəblilər, tələbələr, mərkəzlərin ekspert qruplarının üzvləri, psixoloqlar və valideynlər iştirak ediblər.
Tədbirlərdə çıxış edən ekspertlər uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, mövcud qanunvericilik aktları, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası (Lanzarote Konvensiyası) və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına əsasən uşaqların müdafiəsi sahəsində görülən işlər barədə iştirakçılara məlumat veriblər.
Qeyd edilib ki, uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyəti var, buna görə zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmaları zəruridir.
Psixoloqlar isə çıxışlarında zorakılığın uşaqlarda yaratdığı travmalar, ünsiyyət problemləri və digər fəsadlar barədə valideynlərə məlumat veriblər.
Tədbirlərdə 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti və 116111 - Uşaq qaynar xətti barədə məlumat verilib, həmçinin mövzu ilə bağlı sosial videoçarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb.