Qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçirildi
Paylaş:
Cəmiyyətin aktual məsələlərindən biri kimi dövlət qurumlarının, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı ilə qohumlar arasında nikahlarla bağlı geniş tərkibdə ictimai müzakirə keçirilib.
12 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq” qəzetinin birgə təşkilatçılığı ilə baş tutan müzakirə STM-in Media və kommunikasiya departamentinin rəhbəri Əziz Əlibəylinin moderatorluğu ilə baş tutub.
Hər kəsi salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ictimai müzakirənin vacib və aktual məsələyə həsr olunduğunu qeyd edib. Ailənin cəmiyyətin və dövlətin nüvəsi olduğunu vurğulayan sədr, Azərbaycanda haqqında danışılan mövzuda ənənələrin hər zaman üstün tutulduğunu bildirib. O, ailədəki mühit və münasibətin sonradan cəmiyyətə də daşındığını əlavə edərək, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu məsələlərin ciddi şəkildə müzakirə olunmağını və həyatımıza mane olan cəhətlər kimi arxa plana keçməli olduğunu qeyd edib.
Ailə Məcəlləsinin 12-ci maddəsi ilə qohumlararası nikahın qadağan edildiyini bildirən Komitə sədri əlavə edib: “Bu istiqamətdə dövlətin apardığı siyasətin əsas məqsədlərinə çatması üçün qanunvericiliyimizə, bu qanunların icrası mexanizmlərinə, onları həyata keçirən dövlət orqanlarının fəaliyyətinə, ictimaiyyətin bu məsələdə iştirakı və mövqeyinə zaman-zaman baxış etməli və onları aradan qaldırmağın yolllarını araşdırmalıyıq”.
Sözügedən məsələnin Komitənin fəaliyyət istiqamətlərinə aid olduğunu əlavə edən sədr, eyni zamanda aidiyyəti dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri və vəzifələri olduğunu qeyd edib. Qeyd edib ki, Komitə uzun müddətdir bu məsələlərin əlaqələndirilmiş müzakirəsi prosesinə başlayıb. B.Muradova cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin və bundan sonrakı addımları atarkən mövqeyinin nəzərə almağın vacibliyini qeyd edib.
Məsələnin hökumətin də diqqətində olduğunu vurğulayan sədr, 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildiyini və nikahdan əvvəl hər kəsin tibbi müayinədən keçdiyini, hazırda bu addımın çox gözəl nəticələr verdiyini söyləyib. O, Nazirlər Kabinetinin (NK) “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qayda”sını xatırladaraq, bu qaydanın tətbiqinin də müəyyən nəticələr verdiyini deyib. B.Muradova bildirib ki, Dövlət Komitəsi bununla bağlı bütün dövlət orqanlarının fəaliyyətinə dair məlumatları toplayır və ildə 1 dəfə NK-ya təqdim edir. Son iki ilin rəqəmlərini diqqətə çatdıran sədr, həmin nəticələr əsasında Komitənin sifarişi ilə tədqiqatlar aparıldığını da deyib.
Sonda məsələnin aradan qaldırılması istiqamətində düşüncələrini səsləndirən Komitə sədri qeyd edib ki, əsas məsələ qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsidir və dördüncü dövrə qadağalar qoyulması, müəyyən nəticə verə bilər: “İnanıram ki, biz həm qanunverici aspektdən, həm də effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı müəyyən təkliflərlə çıxış edəcəyik. Bu istiqamətdə həyatımıza mane olan hər bir məsələni müzakirə edərək, həm onların ictimaiyyətə çatdırılması, həm də tarixləşdirilməsi işinə töhfə verəcəyik. Uzaq olmayan dönəmdə qanunvericiliyimizə həm erkən nikahlarla bağlı, həm də qohum nikahları ilə bağlı dəyişikliklər edək və hüquqi çərçivəni ciddiləşdirək”.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc dünya əhalisinin təxminən 20%-inin sosial faydalarına görə qohum evliliklərinə üstünlük verdiyini və daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verdiyini qeyd edib. O, ailəni milli varlığın qoruyucusu adlandıraraq, qeyd edib ki, ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi, ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir edir: Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır.”
Çıxış yolları istiqamətində fikirlərini diqqətə çatdıran Z. Oruc bildirib ki, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir. Ən vacib addımlardan biri-qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir.
Daha sonra "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qeyd edib ki, yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməlidir. Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğu ortaya çıxar: “Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax, biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür. Media ilə birgə müxtəlif layihələr, konkurslar keçirilə bilər" - o qeyd edib.
Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov ailənin bütövlükdə həm cəmiyyətin, həm dövlətin sağlamlığının göstəricisi olduğunu vurğulayıb və qeyd edib ki, bu, həm strateji bir problemdir, həm cəmiyyətin problemidir, həm də fərd səviyyəsində problemdir. Əgər bizdə bu kimi halların yayılma dərəcəsi artsa, genofondumuza və gələcək nəsillərimizə təsir edər: “Dövlət və cəmiyyət arasında bir münasibət var. Bəzən dövlət cəmiyyətin arxasınca getməlidir. Bəzi hallarda isə dövlət önə çıxaraq cəmiyyəti öz arxasınca çəkməlidir. Bu məsələdə vəziyyət göstərir ki, uzun illərdir maarifləndirmə aparılsa da, məsələ hələ də qalır. Bu baxımdan bəlkə də bu məsələdə dövlətin daha qabağa keçməsi, bunu qadağan etməsi zəruri ola bilər.”
Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov qeyd edib ki, ailə dəyərlərinə, eləcə də cəmiyyətin və fərdlərin sağlamlığına xələl gətirən müəyyən faktorlar var. Onlardan biri də qohum evlilikləridir. Bu bizim qədimdən qalan adət-ənənəmizdir. Biz adətə-ənənəyə hörmət etməliyik, onları inkişaf etdirməliyik, lakin eyni zamanda da yalnış stereotiplərə söykənən adət-ənənələrdən imtina etməyi bacarmalıyıq. Cəmiyyətin sağlamlığı naminə proqressiv addım atmağı bacarmalıyıq. Qanunvericilik çərçivəsində atıla biləcək ilk addım 3-cü və 4-cü dərəcəli qohumların yaxın qohumlar siyahısına daxil olunması və bununla da onlar arasında nikahın qadağan olunmasıdır. Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq görünən odur ki, bu yolla məqsədlərə çatmaq tam mümkün deyil.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, qohum nikahlarına münasibətin öyrənilməsi məqsədilə 1354 respondent arasında sorğu keçirilmişdi: "Əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var. Əsas məsələlərdən biri yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən gərəksiz stereotiplər, erkən nikahlardır. Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta gələcək nəsillərə ötürülür.” O bildirib ki, erkən nikahları qəbul etmədiyimiz kimi, qohum nikahlarını da qəbul etməməliyik. Qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir. Qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir.
Çıxış edən millət vəkili Fazil Mustafa diqqətə çatdırıb ki, Azərbaycanda təkcə qohum nikahı deyil, bölgə nikahı problemi də var. Gənclərə deyilir ki, bu kənddən, qəsəbədən, rayondan kənar biri ilə evlənə bilməzsən. Bu da bizi narahat edən məsələlər sırasındadır. O əlavə edib ki, bölgələrdə gənclərin sosiallaşması üçün mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi və mədəni mühitin yaradılması zəruridir. F. Mustafa bildirib ki, qohum evliliklərinin qadağan edilməsi nəticə kontekstindən zəruridir.
Mövzu ilə əlaqədar münasibətini bildirən millət vəkilləri Məlahət İbrahimqızı, Sevil Mikayılova və Jalə Əhmədova qohumlar arasında nikahın mənfi təsirlərinin qarşısının alınması üçün əsas ana xəttin maarifləndirmə və təbliğat olduğunu vurğulayıblar. Eləcə də qanunvericilikdə müəyyən sərtləşdirmələrin tətbiq edilməsinin əhəmiyyətini qeyd edərək, xüsusilə də uşaq yaşlardan, təhsil ocaqlarında maariflənmə işinin aparılmasının vacibliyini bildiriblər. Qeyd edilib ki, demoqrafik təhlükəsizliyin təmin edilməsi, cəmiyyətin sosial psixoloji tərəqqisi üçün bu məsələyə insan hüquqlarının məhdudlaşdırılması kimi yanaşılmamalıdır.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva diqqqətə çatdırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin icrasına 13 dövlət qurumu, 76 icra hakimiyyəti və qeyri-hökumət təşkilatları cəlb edilib: “Müşahidələrimiz, eləcə də statistika göstərir ki, maarifləndirmə tədbirlərinin əhəmiyyətli təsiri olsa da, bu məsələ ləng gedir və nəticələri 20-30 il sonra özünü göstərə bilər. Lakin geridə qoyduğumuz dövrlərdə genefondumuz ciddi təsirlərə məruz qalacaq. Bu səbəbdən də iki seçim arasında qalaraq, ya dövlətin gələcəyi kimi sağlam genefondumuzu, ya da fərdlərin arzu və istəklərini düşünməliyik”.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaş cəmiyyəti institutlarının, tibb mütəxəssislərinin, hüquqşünasların və ekspertlərin fikirləri dinlənilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimiXuraman Cəfərova, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin genetik həkimi Ağarza Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunun həkim mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Kifayət Adıgözəlova, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ayaz Hüseynov çıxış edərək, qeyd ediblər ki, qohumlar arasında baş verən evliliklərin fəsadları arasında sonsuzluq, vaxtından əvvəl doğuşların meydana gəlməsi, bətndaxili ölüm hallarının baş verməsi, irsi genetik xəstəliklərin daşıyıcısı olan uşaqların doğulması halları yer alır. Dünya standartlarına baxdıqda qohum evliliklərindən doğulan uşaqların sayının Azərbaycanda iki dəfə çox olduğunu bildirən çıxışçılar əlavə ediblər ki, hər bir insan altı-səkkiz fərqli xəstəliyə görə daşıyıcı olursa, 3-cü və 4-cü dərəcəli qohum evliliklərindən doğulan uşaqlarda genomon səkkizdə birdən artıqdır. Bu isə, daha çox xəstəliklərin ortaya çıxmasına səbəb olur.