Prezidentin təltif etdiyi qadınlara “Tərəqqi” medalları təqdim edilib
Paylaş:
16 aprel 2024-cü il tarixində ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan qadınlara mükafatları təqdim edilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, onları təbrik edib. O, Azərbaycan qadınının tarixən ailə dəyərlərimizi qoruyan və inkişaf etdirən, layiqli vətəndaş, eləcə də torpaqlarımızı azad edən igid qəhrəmanlar yetişdirən fədakar ana olduğunu vurğulayıb. Komitə sədri, milli-mənəvi dəyərlərimizin yaşadılmasında əsas payın qadınlarımızın çiyinlərinə düşdüyünü və tarixən maarifpərvər və bacarıqlı xanımlarımızla qürur duyduğunu vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin qadınları hər zaman yüksək qiymətləndirdiyini, onların ailədə, cəmiyyətdə, dövlət həyatında yerinə özünəməxsus münasibəti olduğunu xatırladan sədr, zamanında Ulu öndərin qadın siyasətində qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırıb.
“Heydər Əliyev İli” çərçivəsində reallaşdırılan layihələrdən söz açan B.Muradova, Azərbaycanın bu ildə əldə etdiyi bir çox nailiyyətləri vurğulayıb. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan zəfərdən sonra ölkəmizin yeni-yeni uğurlara imza atdığını, antiterror əməliyyatları nəticəsində öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən Komitə sədri, qələbə ruhunda keçirilən ilk prezident seçkisini Ulu öndərin irsinə sadiqliyin göstəricisi adlandırıb. Əlavə edib ki, bütün bu proseslərdə, eyni zamanda yaxın gələcəkdə Qarabağa qayıdışın təmin olunmasında qadınlarımızın rolu danılmazdır.
Cənab Prezidentin Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanladığı təbrikdən “Xalqımız hər zaman qadınlara çox böyük hörmət, ehtiram bəsləmiş, ana haqqını üstün tutmuşdur” fikrini xatırladan sədr, Azərbaycanın hazırkı dövlət qadın siyasətinin bu zəmin üzərində inkişaf etməkdə olduğunu deyib.
Çıxışının sonunda Komitə sədri təltif olunan qadınların hər birini ürəkdən təbrik edərək, Prezidentin imzası ilə dövlət mükafatı almağın şərəf, qürur və məsuliyyət olduğunu, onu ləyaqət və fəxarətlə daşıyacaqlarına inandığını bildirib.
Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan qadınlara Prezident təltifləri təqdim olunub. Təltif edilənlər çıxış edərək, suverenliyini, ərazi bütövlüyünü təmin etmiş, qalib ölkənin vətəndaşı kimi təltifolunmanın qürurverici olduğunu söyləyiblər. Bu təltifi fəaliyyətlərində şərəfli bir səhifə kimi qiymətləndirərək, Azərbaycan qadınlarına göstərdiyi diqqət və etimada görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar, etimadı doğruldacaqlarını, Vətənimizə, millətimizə sadiq olacaqlarını bildiriblər.