“Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində yazıçı Anarla görüş keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verilib.
Layihə çərçivəsində tanınmış ziyalıların uşaq səfirlər, tələbələr və gənc fəallarla görüşləri, həmçinin bu mövzuda konfrans və forumların təşkil edilməsi nəzərədə tutulur. İlk belə görüş 14 aprel 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə keçirilib.
Görüşdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Dövlət Komitəsinin ədəbiyyat gecəsi təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanın ən məşhur yazıçılarından biri – canlı əfsanə Anarla görüşü uşaq və gənclər üçün nadir fürsət kimi dəyərləndirib. Prorektor bu görüşün yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından tələbələr üçün unikal imkan olduğunu söyləyib.
İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün bütün dünyada ictimai-siyasi, iqtisadi, eləcə də humanitar sahədə çoxsaylı kataklizmlər, nəsillərarası problemlər, dəyərlərin aşınması kimi mövzular müxtəlif formatlarda, geniş şəkildə müzakirə olunur. Dövlət Komitəsinin də öz növbəsində ölkədə baş verən proseslərə, xüsusilə böyük Zəfərdən sonra Azərbaycanın milli kimliyinə və bu kimliyi şərtləndirən dəyərlərə münasibətini bütün məqamlarda öndə tutmaq üçün görülən işlərə qoşulduğunu vurğulayan Komitə sədri, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin də məhz bu məqsədlə ərsəyə gəldiyini qeyd edib: “Hazırki cəmiyyətdə, dövlət və insan həyatında, qarşıya qoyulan hədəflərdə yerini tapan milli-mənəvi dəyərlərə münasibət, onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq, eləcə də bu dəyərlərin transformasiyası prosesinə qoşulmaq üçün belə bir layihəyə başlamaq qərarına gəldik”.
Yaxın zamanda layihənin bir çox istiqamətdə inkişaf edəcəyini və gənclərin müxtəlif təbəqələrini əhatə edəcəyini bildirən B.Muradova, layihənin ilk görüşünə ev sahibliyi etdiyinə görə ADA Universitetinə təşəkkürünü bildirib. Komitə sədri ilk görüşə Anarın dəvət edilməsinin təsadüfi olmadığını, onun Azərbaycanın mədəni, ictimai-siyasi həyatında, xüsusilə də ədəbiyyatında böyük xidmətləri ilə hər zaman uca yerdə dayandığını bildirib.
Çıxışında Uşaq Səfirlər Məclisinin fəaliyyətindən danışan sədr, uşaqların bütün sahələrdə səfir kimi çıxış etdiyini, lazımi məqamda yerindəcə mövqe ortaya qoymağı bacaran kiçik diplomatlar rolunu oynadıqlarını qeyd edib.
Uşaqlarla görüş imkanına görə sevincini ifadə edən Anar, Ulu öndər Heydər Əliyevin özünün siyasi kumiri olduğunu deyib, onun bütün sahələrdə olduğu kimi ədəbiyyata olan xüsusi diqqət və qayğısından danışıb. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra 30 illik həsrətə son qoyulduğunu, anti-terror əməliyyatı ilə suverenliyimizin bərpa olunduğunu möcüzə adlandırıb. Yazıçı müharibədən sonrakı dövrdə faktoloji əsərlərin yazılmasının, hadisələri sənədləşdirməyin vacibliyini qeyd edib və YB-nin bu sahədə gördüyü işlər barədə məlumat verib.
Anar texnoloji tərəqqinin gətirdiyi müsbət faktorlarla yanaşı, gənclərin mütaliəyə, ədəbiyyata marağının azalmasına səbəb olduğundan gileylənərək, ədəbiyyatın mənəviyyatı zənginləşdirdiyini, dili yaşatdığını qeyd edib, iştirakçılara çox kitab oxumağı tövsiyə edib. YB- nin gənc yazarlara daim diqqət və dəstək nümayiş etdirdiyini vurğulayan yazıçı onlara öz tövsiyələrini də verib. Eyni zamanda milli-mənəvi, o cümlədən ailə dəyərlərimizin qorunub saxlanılmasında ziyalılarımızın, ailələrimizin rolundan bəhs edib.
100 nəfərdən çox uşaq səfirin və tələbənin iştirak etdiyi görüşdə yazıçı ona ünvanlanan sualları cavablandırıb, tövsiyə və məsləhətlərini səsləndirib. Tədbirdə iştirak edən bir neçə gənc yazar müəllifi olduğu kitabları Anara təqdim edib. Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin məqsədi uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə əsasən maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətin gücləndirilməsidir.