“İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb

15 aprel 2025 16:35

Paylaş:

İqlim dəyişikliyi təkcə ətraf mühitə zərər vuran amil kimi deyil, eyni zamanda sosial və iqtisadi strukturlara ciddi təsir göstərən geniş problem kimi qəbul edilməlidir. Hazırda qlobal iqlim böhranı gücləndikcə, iqlim dəyişikliyinin qadınların və uşaqların hüquqlarına və rifahına dərin təsirinin dərk edilməsi prioritetə çevrilib.

Ətraf mühitin məhv olması və resurs çatışmazlığı gender əsaslı fərqlilikləri daha da dərinləşdirərək ailədaxili və cəmiyyət səviyyəsində sosial-iqtisadi dinamikalara təsir edir. Bu kontekstdə iqlim dəyişikliyinin gender bərabərliyinə təsiri qısamüddətli nəticələrlə məhdudlaşmır və mövcud gender bərabərsizliyini gücləndirir.

Ölkəmizdə də bu istiqamətdə araşdırmaların aparılması və iqlim dəyişikliyinə uyğunlaşma prosesində genderə həssas və inklüziv tədbirlərinin həyata keçirilməsi əhəmiyyətli hesab olunur.

Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Sustainera Solutions” şirkəti tərəfindən “İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb.

Analitik hesabatda iqlim dəyişikliyinin ailələrin sosial-iqtisadi vəziyyətinə, gender bərabərliyinə mənfi təsirləri, xüsusilə qadınların həyatına, onların sosial və iqtisadi imkanlarına gender-spesifik təsirləri araşdırılmış və bu təsirlərin necə azaldıla biləcəyi təhlil edilmişdir.

Araşdırmada həm kəmiyyət, həm də keyfiyyət araşdırması metodlarından istifadə olunmuşdur. Kəmiyyət araşdırması Azərbaycanın 6 bölgəsi və ümumilikdə 1000 respondent üzrə, keyfiyyət araşdırması isə müxtəlif qurumlarda və təşkilatlarda çalışan, eləcə də gender üzrə ümumilikdə 7 ekspertləmüsahibələr əsasında aparılmışdır.

Anket sorğusu Azərbaycanın 6 regionunda Sumqayıt, Neftçala, Lənkəran, Gəncə, Bərdə, və Bakıda yaşayan 1000 nəfər arasında keçirilmişdir. Kəmiyyət sorğusunun qeyd olunan 6 regionda keçirilməsinin əsas səbəbləri də təhlildə qeyd edilmişdir.

Keyfiyyət araşdırmasının məqsədi isə kəmiyyət sorğularından əldə olunan nəticələr əsasında iqlim dəyişikliyi ilə mübarizə yolları, gender-spesifik amillərin nəzərə alınmasının əsas üstünlükləri və bu amillər nəzərə alınmadığı zaman qarşıya çıxa biləcək çətinliklər və mənfi təsirlərin müəyyən edilməsi, eləcə də qlobal müstəvidə ən yaxşı nümunələrin Azərbaycanda tətbiqinin mümkünlüyünün öyrənilməsi olmuşdur.

Araşdırmanın nəticələrdən belə bir qənaətə gəlmək olar ki, iqlim dəyişikliyi kənd təsərrüfatı istehsalında məhsuldarlığın azalmasına səbəb olaraq ailələrin gəlirlərini məhdudlaşdırır, məcburi köçlərə və sosial infrastrukturların pozulmasına səbəb olur. Bu, eyni zamanda təhsil sahəsində fasilələr və uşaqların məktəbdən uzaqlaşması ilə nəticələnir, gələcək nəsillərin bilik və bacarıqlarına mənfi təsir edir:

İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi çətinliklərin xüsusilə qadın və qızlara təsirləri fərqlidir. Bu çətinliklərin onlara hansı formada təsiri ilə bağlı göstəricilər də təhlildə əksini tapıb:

Qadınların iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə hazırlıqla bağlı bilik və bacarıqların əldə edilməsində çətinlikləri ilə bağlı göstəricilər də təhlil edilib:

İqlim dəyişikliyi və ekstrimal hava şəraitinin təsərrüfata (məhsul hasilatı, su təminatı, heyvanların sağlamlığı), həmçinin şirin su mənbələrinə təsiri ilə bağlı göstəricilər isə aşağıdakı kimi əks olunub:

               

                        

Əhali arasında iqlim dəyişikliyinin təsirlərinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti öz həyatlarına, yaşayış və dolanışıq vasitələrinə və ümumi sosial-iqtisadi şəraitə iqlim dəyişikliyinin əhəmiyyətli təsir göstərdiyini bildirirlər.

Yekun nəticələr: Aparılmış araşdırma iqlim dəyişikliyinin sosial, iqtisadi və gender aspektləri üzrə ciddi təsirlər yaratdığını göstərir. Kənd təsərrüfatı məhsuldarlığının azalması, iş yerlərinin itirilməsi və dolanışıq vasitələrinin məhdudlaşması kimi təsirlər kənd və şəhər icmalarında fərqli, lakin əhəmiyyətli şəkildə müşahidə olunur.

Kənd yerlərində qadınlar və kişilər arasında iqlim dəyişikliyinin təsiri fərqli olsa da, qadınların mövcud gender bərabərsizliyi fonunda daha həssas olduğu müşahidə olunur. Kişilər isə kənd təsərrüfatında iş itkisi və maliyyə qeyri-sabitliyi səbəbindən iqtisadi çətinliklərlə üzləşir.

Araşdırma göstərir ki, iqlim dəyişikliyinin təsirləri yalnız iqtisadi aspektlərlə məhdudlaşmır, həmçinin sosial nəticələr də doğurur. Gender əsaslı zorakılıq və psixo-sosial çətinliklər iqlim stressinin əlavə təsirlərindəndir. İqlim səbəbiylə miqrasiya, xüsusilə qadınlar və uşaqlar üçün ciddi sosial və sağlamlıq problemləri yaradır.

Genderə həssas yanaşmaların olmaması mövcud sosial bərabərsizliyi gücləndirir. Respondentlər gender spesifik ehtiyacları nəzərə alan tədbirlərin tətbiqinin vacibliyini vurğulayırlar. Qadınların liderliyi və qərar qəbuletmə proseslərində iştirakı, həmçinin gender bərabərliyini dəstəkləyən siyasətlərin hazırlanması, cəmiyyətin iqlim dəyişikliyinə qarşı dayanıqlığını artırmaq üçün mühüm addımlar kimi qiymətləndirilir.

Tövsiyələr iqlim dəyişikliyi, sosial xidmətlər, gender bərabərliyi və iqtisadi dayanıqlılıq kimi sahələrdəki əsas problemlərin həllinə yönəlib.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığın artırılması və problemlərin effektiv həlli üçün istilik xəritəsinin (heat map) hazırlanması tövsiyə olunur.

İqtisadi dayanıqlılıq və məşğulluq sahəsində tövsiyələr siyasət strategiyalarının gender əsaslı büdcələşdirmə metodlarının tətbiqini, qadınların maliyyə resurslarına çıxışını artırmağı və yaşıl biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur. Bu sahədə qadınların təlim və seminarlarla maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı və resurslara çıxış istiqamətində qadınların dayanıqlı texnologiyalar və resurslardan istifadə imkanlarını artırmaq üçün hüquqi dəstək proqramlarının yaradılması təklif edilir.

Sosial dayanıqlılıq və sağlamlıq xidmətləri üzrə qadınların keyfiyyətli səhiyyə xidmətlərinə daha asan çıxışını təmin etmək üçün kənd yerlərində xidmətlərin əlçatanlığının artırılması və təcili yardımın gücləndirilməsi tövsiyə olunur.

İqlim dəyişikliyinə qarşı dayanıqlılıq sahəsində qadınların maarifləndirilməsi və onların resurslara bərabər olaraq çıxışını təmin edən proqramların tətbiqi ön plandadır. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarında qadınların ehtiyaclarını nəzərə alan həssas yanaşmaların hazırlanması və fəlakətlər zamanı xüsusi təlimlərin keçirilməsi də tövsiyələr sırasındadır.

Hesabatla ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.