“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib
Paylaş:
BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Meksikanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində 6 dekabr 2024-cü il tarixində “İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib.
BMT-nın Qadınlar Agentliyinin Azərbaycan üzrə Proqram rəhbəriPərvanə Bayramovanın moderatorluğu ilə keçirilən tədbirin məqsədi hüquqşünaslar və hüquq fakültəsinin tələbələrinin iqlim dəyişikliyi və gender bərabərliyi haqqında məlumatlılığını artırmaqdır.
Meksikanın Azərbaycandakı səfiri Maria Victoria Romero Caballero salamlama nitqi ilə çıxış edib. O bildirib ki, gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində təşviqat işlərinin aparılması səfirliyin fəaliyyətinin mərkəzində dayanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək diqqətə çatdırıb ki, hər il kampaniya çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir, ictimaiyyətə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışları edilir, kampaniyanın mahiyyəti haqqında regionlarda maarifləndirici seminarlar təşkil edilir.
Məişət zorakılığı və gender əsaslı zorakılıq ilə mübarizə istiqamətində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə mühüm addımların atıldığını qeyd edən A. Sofiyeva “Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində 7 istiqamət üzrə 6 qanun və 5 fərmana dəyişiklik edildiyini diqqətə çatdırıb.
O bildirib ki, son illərdə dünya miqyasında insan hüquqları ilə ətraf mühit arasındakı sıx əlaqənin getdikcə daha geniş miqyasda tanınması bu problemin yalnız ekoloji deyil, həm də insan hüquqları, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm çağırış olduğuna diqqət çəkir. İqlim dəyişikliyinin gender təsirləri nəticəsində qadınların iqtisadi fəaliyyətinə, sosial mövqelərinə və şəxsi təhlükəsizliyinə mənfi təsirlər qaçınılmazdır. Ailələrin ümumi sosial-iqtisadi statusuna təsir göstərən bu faktorlar həm də gender bərabərsizliyini dərinləşdirir, çünki ailədaxili resurs bölgüsü və qərarvermə mexanizmləri gender əsaslı fərqlilikləri daha da gücləndirir.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi etdiyinə diqqət çəkən Komitə sədrinin müavini əlavə edib ki, bu mötəbər beynəlxalq tədbir ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında liderliyini, ekoloji problemlərin həllinə önəm verdiyini, ölkəmizin qlobal iqlim siyasətində fəal rol oynadığını, gələcək nəsillərin rifahı üçün mühüm addımlar atdığını göstərir, ölkəmizin bir daha beynəlxalq səviyyədə güclü və etibarlı tərəfdaş olduğunu təsdiq edir.
A. Sofiyeva əlavə edib ki, COP29-da qaldırılan digər məsələlərlə yanaşı, gender və uşaq məsələləri də aktual mövzulardan oldu, bu sahədə müxtəlif yüksək səviyyəli tədbirlər keçirməklə iqlim dəyişikliyi və insan hüquqlarının kəsişməsinə diqqəti cəlb etmək, eləcə də qadınların və uşaqların rifahını qoruyan siyasətləri təbliğ etmək üçün unikal imkan yarandı.
Qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində Komitə tərəfindən çoxşaxəli tədbirlərə diqqət çəkən A. Sofiyeva bildirib ki, 17 rayonda fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edir, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərir.
O, Komitənin təşəbbüsü ilə hazırlanan iqlim dəyişikliyinin ailənin sosial-iqtisadi vəziyyətinə (qadın və uşaqların) təsiri üzrə araşdırma haqqında məlumat verərək, statistik rəqəmləri diqqətə çatdırıb. Həmçinin bildirib ki, ən vacib addım ölkədə “Gender bərabərliyinin təmini üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsidir.
BMT-nin Azərbaycandakı rezident əlaqəndiricisi Vladanka Andreeva “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası haqqında ətraflı məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci hədəfinin gender bərabərliyinə həsr edildiyini qeyd edərək, 2030-cu ilədək qarşıya qoyulan hədəfə çatmaq üçün bütün güclərin səfərbər olduğunu bildirib. BMT rəsmisi iqlim dəyişmələri və gender əsaslı zorakılığın bütün bəşəriyyətə təsir göstərdiyini vurğulayıb və bu sahədə statistik rəqəmləri qeyd edib.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquq və İnsan Haqları İnstitutu Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov gender əsaslı zorakılıqla mübarizə istiqamətində təkliflər səsləndiriblər. E. Səfərov gələn il Braziliyada keçiriləcək COP30-a aparan yolda Azərbaycan BMT ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətini davam etdirəcəyini qeyd edib. O, iqlim dəyişikliyi fonunda qadın hüquqlarının qorunmasında və gender əsaslı zorakılıq hallarının qarşısının alınmasında CEDAW Komitəsinin rolunu vurğulayıb.
Tədbir sual-cavab sessiyası ilə davam edib.