Göyçayda “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində görüş keçirilib
Paylaş:
3 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Göyçay Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi üzrə əhali ilə növbəti görüş keçirilib.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi və şəhidlər xiyabanı ziyarət olunub.
Göyçay Rayon YAP-ın inzibati binasında keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, tədbirin əhəmiyyətini qeyd edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, layihə barədə ətraflı məlumat verərək, gələcək nəsillərin milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırılmasının vacibliyindən danışıb. Bildirib ki, “Parlayan ZİYA” layihəsinin əsas məqsədinin ölkənin tanınmış ziyalılarını, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.
O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfəri xatırladaraq, 44 günlük Vətən müharibəsində döyüşən gənclərin qəhrəmanlığını və vətənpərvərliyini xüsusi vurğulayıb. S.Qəhrəmanova, ölkəmizin davamlı inkişafı üçün əsl vətəndaşlar yetişdirməyin vacibliyini qeyd edərək, təqdim olunan layihənin bu məqsədə xidmət etdiyini deyib.
Çıxışının sonunda S.Qəhrəmanova, məişət zorakılığı, erkən evlilik kimi cəmiyyətimizi narahat edən məsələləri diqqətə çatdırıb və onların qarşısının alınmasında ziyalı sözünün vacibliyini vurğulayıb.
Açılış nitqlərindən sonra ziyalılıların çıxışları dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun “Rəqəmsal inkişaf və süni intellektin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov, Azərbaycan Dövlət Film Fondunun direktor müavini, Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev, çıxış ediblər. Çıxışlarda əhali arasında müxtəlif mövzular üzrə maarifləndirici söhbətlərin aparılması, uşaqlarda özünütərbiyə və şəxsi inkişaf bacarıqlarının formalaşdırılması, ailələrdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və cəmiyyətdə ideoloji işin gücləndirilməsinin vacibliyi vurğulanıb. Ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.
Tədbir davamında keçirilən müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sonda Göyçay rayonunun ziyalıları və tanınmış sakinlərindən ibarət yerli əlaqələndirici şura yaradılıb və siyahı səsləndirilib.
Qeyd edək ki, “Parlayan ZİYA” layihəsinin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi