Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlər üçün təlimlər keçirilib

19 aprel 2024 11:51

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının  müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla  psixo-sosial işin təşkili layihəsi həyata keçirilir. Layihə çərçivəsində cari ilin 16-19 aprel tarixlərdə Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlərin  iştirakı ilə sosial ünsiyyət bacarıqlarının artırılması yönümündə təlimlər keçirilib.

Təlimlər Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəb,  Zəngilan rayonu Ağalı kənd tam orta məktəb və  Laçın şəhər 2 saylı tam orta məktəbdə keçirilib. Keçirilən tədbirlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Ceyhun Həsənov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Yeganə Quliyeva, Dövlət Komitəsinin əməkdaşları və müəllim-şagird-valideyn kollektivi iştirak ediblər.  

Təlimlərdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.  

Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar anket sorğularını cavablandırıb, müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib. Uşaqların emosional gərginliyinin azaldılması məqsədilə  art terapiya, rahatladıcı metodlar tətbiq edilib. Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb.

Təlimlərdə ümumilikdə 8-12 yaşlı 75 şagird və onların valideynləri iştirak edib. Layihə çərçivəsində uşaqlara məktəb çantası, dərs ləvazimatları  və bədii kitablar hədiyyə olunub.  

Layihənin ikinci mərhələsinin cari ilin sonuna doğru həyata keçirilməsi nəzərdə tutulur.