“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə erkən uşaqlıq dövründə düzgün inkişafla bağlı məlumatlılığın artırılması, bu istiqamətdə mütəxəssis hazırlığının təmin edilməsi, qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədilə “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, ökəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur.
Erkən uşaqlıq dövrünün uşaqların hərtərəfli yetişdirilməsi prosesinin vacib komponenti olduğunu vurğulayan Komitə sədri, bu dövrün uşaq həyatının əqli, fiziki, sosial-emosional inkişafı, eləcə də nitqinin inkişafı üçün əhəmiyyətli olduğunu deyib. O əlavə edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və ondan irəli gələn 2020–2025-ci illər üçün Fəaliyyət Planında da erkən uşaqlıq dövründə inkişaf vacib istiqamətlərdən biri kimi müəyyən edilib.
“Lazımi bütün bacarıqlara erkən yaşlarından ailəsində yiyələnmiş uşaq ölkəsinin də inkişafında bir vətəndaş olaraq vacib rol oynaya bilər” - deyən Bahar Muradova əlavə edib ki, erkən uşaqlıq dövründə inkişaf dayanıqlı inkişaf üzrə qlobal 2030-cu il gündəliyinə daxil olmaqla, XXI əsrin beynəlxalq prioritetlərindən biri kimi müəyyən edilib.
Erkən uşaqlıq dövründə inkişaf üzrə yol xəritəsi və fəaliyyət planının hazırlandığını diqqətə çatdıran Komitə sədri, bu sənədin Azərbaycanın milli gündəliyində prioritet daşıyan vacib məsələlərin həllinə yönəlməklə, dəyişikliklərin sürətləndirilməsinə xidmət etdiyini qeyd edib.
Qarşıda mühüm hədəflərin oldğunu deyən B. Muradova bildirib ki, bu məqsədlərə nail olmaq üçün səylərimizi və təcrübələrimizi birləşdirmək, müvafiq ölkələrin təcrübələrini öyrənmək vacibdir: “Bu baxımdan Komitə ilə Türkiyənin müaviq qurumu arasında imzalanmış memorandum çərçivəsində sağlam ailə mühitinin və ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində birgə çoxsaylı tədbirlər həyata keçirilir”.
B. Muradova çıxışının sonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib, onlara xoşbəxtlik, sağlam və təhlükəsiz həyat, rifah və səadət arzulayıb.
Çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğının artırılması məqsədilə 2009-cu ilin “Uşaq İli” elan edilməsinə diqqət çəkib. İ.Qasımov vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir. “Bu məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətləri kimi, reproduktiv sağlamlığın təmin edilməsi; uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılması müəyyən edilib”, - deyə nazir müavini əlavə edib.
O qeyd edib ki, Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, əlilliyin erkən aşkarlanması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmətlərin əlçatanlığı, həmçinin görülən tədbirlər nəticəsində doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanda bütün sahələrin dinamik inkişafına diqqət çəkərək, uşaqların sosial müdafiəsi, keyfiyyətli sosial təminatının həyata keçirilməsi sahəsində irəliləyişlərə nail olunduğunu qeyd edib. O, uşaq qayğı sisteminin formalaşması və inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirləri diqqətə çatdıraraq, xüsusilə də valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Nazir müavini himayədar ailə qayğı modeli, günərzi qayğı mərkəzləri, uşaq evi sosial xidmət müəssisələri, əlilliyi olan uşaqların reabilitasiyası istiqamətində statistik rəqəmləri diqqətə çatdıraraq, uşaqların övladlığagötürmə məsələsinin, himayədar ailələrə verilməsinin mərkəzləşdirilmiş və elektron qaydada aparıldığını, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müavinətlərin təsis olunduğunu qeyd edib.
Erkən uşaqlıq dövrünün insanın sonrakı yaş mərhələlərində qazandığı uğurun təməlində dayandığını vurğulayan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, eyni zamanda bu dövrün uşaqların sosial-emosional və idraki sağlamlığı üçün də vacib olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, aktual mövzuya həsr olunmuş bu konfrans müvafiq istiqamətdə gələcəkdə vahid koordinasiyalı fəaliyyətin qurulması baxımından yaxşı bir platformadır. M.Vəliyeva çıxışının sonunda erkən uşaqlıq dövrünün inkişafı məqsədilə həm uşaqlar, həm də valideynlər üçün həyata keçirilən model layihələri diqqətə çatdırıb.
Erkən uşaqlıq dövründə inkişafla bağlı təlim çərçivəsində Türkiyədən dəvət edilən nümayəndə heyətinin rəhbəri Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık çıxışında qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir qrup uşaq mütəxəssisləri üçün keçirilən 3 günlük təlimin maraqlı və yaddaqalan olduğunu bildirib.
Sonra Təhsil və Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə qısa təqdimatın nümayiş etdirilib.
UNİCEF-in Azərbaycan Nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Leyla Həsənova mötəbər tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. O, erkən yaş dövründə əldə edilmiş bacarıqlar uşaqların gələcək təhsili və uğurlu fəaliyyəti üçün təməl yaratdığını vurğulayıb. Əlavə edib ki, erkən yaş dövründə inkişaf qlobal və transformativ 2030-cu il gündəliyinə daxil olmaqla, 21-ci əsrin beynəlxala prioritetlərindən birinə çevrilib: “Sevindiricidir ki, Azərbaycan hökuməti və tərəfdaşlar erkən yaşdan insan kapitalına investisiyanı inkişafın təməl elementi kimi qəbul edir. Erkən uşaalıq dövründə inkişaf ölkənin də iqtisadi artımının ən böyük amillərindən biridir” - deyə o əlavə edib.
Daha sonra Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva Erkən Uşaqlıq Dövrünün İnkişafı - EUDİ.az portalının 11 aylıq fəaliyyətini əks etdirən qısa icmalla çıxış edib.
Konfrans çərçivəsində uşaq inkişafı üzrə mütəxəssislər üçün keçirilən 3 günlük təlimin nəticələrini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbir ”Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında panel müzakirələrlə davam edib.