“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər “ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 68 nömrəli 10 mart 2025-ci il tarixli Qərarı ilə təsdiq olunmuşdur

12 mart 2025 16:00

Paylaş:

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər” “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il  24 dekabr tarixli 262 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir.

Qanunvericiliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin formalarından biri olaraq, uşaq müəssisələrində keçirilən monitorinqlər zamanı qeyd edilən tələblər nəzərə alınacaq.

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər” aşağıdakı məsələləri əhatə edir:

1. Müəyyən edilmiş tələblər aşağıda sadalanan dövlət və qeyri-dövlət uşaq müəssisələrinə aiddir:

·         təhsil müəssisələri;

·         sosial xidmət müəssisələri;

·         açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;

·         yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;

·         yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;

·         tibb müəssisələri;

·         qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.

 2. Müəyyən edilmiş Tələblər aşağıdakı sahələri əhatə edir:

·         müəssisələrdə xidmətlərin təşkili;

·         yaşayış şəraiti;

·         qidalanma;

·         sağlamlığın mühafizəsi;

·         təlim-tərbiyə və asudə vaxtın təşkili.

Müəssisələrdə göstərilən xidmətlərin təşkilinə dair tələblər- müəssisənin müasir tələblər səviyyəsində qurulması və uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması, işçilərin ilkin və dövri olaraq icbari tibbi müayinədən keçirilməsi, uşağın müəssisəyə qəbulu, yerdəyişməsi və müəssisəni tərk etməsi ilə əlaqədar müəssisənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə əməl olunması, müəssisədaxili intizam qaydalarının uşaqların hüquq və azadlıqları, qanuni maraqları nəzərə alınmaqla hazırlanması və s. məsələləri əhatə edir.

Müəssisələr yaşayış şəraitinə dair tələblər- yaşayış sahəsinin adambaşına düşən sahəsinin hər bir müəssisə üçün qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu, otaqların səliqəli və təmiz olması, uşaqların maraqlarına uyğun lazımi avadanlıqla təchiz edilməsi, hər bir uşaq üçün ayrıca çarpayı, təmiz yataq dəsti, paltarların saxlanması üçün dolabın olması, ayrıca paltardəyişmə otağının olması, yataq otaqlarının uşaqların yaşı, cinsi (5 yaşdan yuxarı uşaqlar üçün) və digər xüsusiyyətləri nəzərə alınmaqla təchiz edilməsi, fərdi və qrup məşğələləri üçün otaqların olması, otaqların işıqlı, mövsümdən asılı olaraq isti və ya sərin olması və s. məsələləri əhatə edir.

Müəssisələrdə qidalanmanın təşkilinə dair tələblər- uşaqların minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmin edilməsi, qida məhsullarının hazırlanması, saxlanması, daşınması zamanı qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi, qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması, qida məhsullarının xüsusiyyətlərinə uyğun temperatur rejiminə riayət edilməsi və digər tələbləri özündə ehtiva edir.

Müəssisələrdə sağlamlığın mühafizəsinə dair tələblər- uşaqların müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində uçota götürülməsinin təmin olunması, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada uşaqların icbari dispanserizasiyadan keçirilməsinin nəzarətdə saxlanılması, müəssisə daxilində hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyatının aparılması, tibbi müayinə və nəzarətə ehtiyacı olan uşaqların dövlət tibb müəssisələrinə müayinə və müddətli müalicəyə təxirəsalınmadan göndərilməsi, epidemioloji və yoluxucu xəstəliklər, təbii fəlakətlər zamanı lazımi profilaktik tədbirlərin görülməsi, uşaqların yerli milli peyvənd təqviminə əsasən immunizasiyaya cəlb edilməsini  və digər tələbləri özündə ehtiva edir.

Müəssisələrdə təlim-tərbiyə və asudə vaxtın təşkilinə dair tələblər- uşaqların təhsil qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhsil hüququnun və özünüifadə imkanlarının təmin edilməsi, uşaqlar üçün öyrədici mühitin yaradılması, məktəbəqədər yaşlı uşaqlar üçün yaşa uyğun tərbiyə qruplarının təşkil edilməsi, şagirdlərin dərsə davamiyyətinin qənaətbəxş olması, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil hüququnun həyata keçirilməsi üçün şəraitin yaradılması və digər məsələləri əhatə edir.