Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahla görüşüb

1 mart 2024 10:01

Paylaş:

Qonaqları salamlayan Bahar Muradova, BMT rəsmisinə Azərbaycanda həyata keçirəcəyi fəaliyyətində və təşkilatın təmsilçiliyi prosesində uğurlar arzulayıb. Beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi olaraq  görüşlərin  keçirilməsinin vacibliyinə diqqət çəkən sədr əlavə edib ki, Dövlət Komitəsi müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində yeniliklərin olmasında maraqlıdır. O, UNİCEF-lə uzun illərə söykənən əməkdaşlığın olduğuna diqqət çəkərək bildirib ki, iki qurum arasında konstruktiv əməkdaşlığa söykənən fəaliyyət bundan sonra da uğurla davam edəcək. B.Muradova, ötən dövr ərzində uşaq hüquqlarının pozulması halları ilə bağlı əməkdaşlığın yeni bir fazaya keçdiyini vurğulayıb.

Sədr, dövlətin “Uşaq hüquqları haqqında” Konvensiyanın icrası prosesinə ciddi yanaşdığını və son iki dövr BMT hesabatında kifayət qədər konstruktiv müzakirə getdiyini diqqətə çatdırıb. O, ötən hesabatdan sonra işçi qrup yaradılaraq, əlaqədar qurumlar arasında müzakirə aparıldığını, qanunvericilikdə müvafiq dəyişikliklərin təklif edildiyini əlavə edib. 

B.Muradova hazırda Ailə Məcəlləsinə erkən nikahların qarşısını almaq, xususilə də nikah yaşı ilə bağlı istisnanın aradan qaldırılması ilə bağlı bir sıra təkliflər olduğunu qeyd edib və ictimaiyyətin rəyini bir araya gətirərək bu problemin də aradan qaldırılacağına inamını ifadə edib: “Biz uşaqların inkişafını əngəlləyən, onların sağlamlığına zərər verən, gələcək həyatını təhlükə altına alan maneələri aradan qaldırmalıyıq”.

İşğaldan azad edilən torpaqlarda mina təhlükəsinin olmasının insanların öz doğma yurdlarına qayıtması prosesini əngəllədiyini bildirən Komitə sədri, son günlər Xocalıda aşkar edilən kütləvi məzarlıq və orada uşaqlara aid qalıqların tapılmasına diqqət çəkib.  O qeyd edib ki, bu bir daha sübut edir ki, həmin ərazilərdə azərbaycanlılar, xüsusi ilə heç bir günahı olmayan uşaqlara qarşı etnik təmizləmə deyil, hətta soyqırımı baş verib: “Bu gün dünyada baş verən uşaq ölümlərindən,  onların çətin həyat şəraitində yaşamasından narahatıq. Biz, bu istiqamətdə də bütün imkanlarımızı səfərbər etməli və UNİCEF-lə birgə layihələrimizə davam etməliyik”- deyə o  əlavə edib. 

Səmimi qəbula görə təşəkkürünü bildirən Saca Faruq Abdullah Azərbaycanda olmaqdan məmnun olduğunu və burada uşaqların rifahı istiqamətində əldə edilən nailiyyətlərin və irəliləyişlərin şahidi olduğunu qeyd edib.

S.F.Abdullah Uşaq Strategiyasının əsaslı və müfəssəl bir sənəd kimi Azərbaycan hökumətinin uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi məsələlərinə əhəmiyyət verdiyinə bariz nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, atılan mühüm addımlar öz növbəsində dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verir.

BMT rəsmisi, Azərbaycanda uşaq hüquqlarının təşviqində və irəli çəkilməsində Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib.

O, uşaq hüquqlarının müdafiə sisteminin qurulması və onların rifahının təmin edilməsi istiqamətində “Məişət zorakılığınının qarşının alınması haqqında” Qanunun qəbul olunmasını xüsusi vurğulayıb.

Ötən il UNİCEF-in Azərbaycandakı fəaliyyətinin 30 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran qonaq, bu illər ərzində fəaliyyətin böyük bir təkamül prosesi və inkişaf yolu keçdiyini də əlavə edib.

Qeyd edilən mina problemi ilə əlaqədar UNİCEF-in zəngin təcrübəsinin olduğunu bildirən S.F.Abdullah, bu məsələnin həllinin gündəmdə dayanan ən mühüm vəzifələrdən olduğunu və bu sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib. 

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın vacibliyinə diqqət çəkən Saca Faruq Abdullah adıçəkilən sənəddən irəli gələrək həyata keçirilən tədbirlərə bundan sonra da müvafiq dəstəyin verilməsində maraqlı olduqlarını bildirib.

Görüş Dövlət Komitəsi ilə UNİCEF-in əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.

Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.