Bahar Muradova Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom ilə görüşüb
Paylaş:
2 may 2024-cü il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom ilə görüşüb.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində səfərdə olan qonaqları salamlayan Bahar Muradova, onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Bu günlərdə paytaxtımızda keçirilən mötəbər tədbirə diqqət çəkən Komitə sədri, bu hadisənin Azərbaycanın ictimai-siyasi həyatında önəmli bir tarix olduğunu qeyd edib. Bildirib ki, Forum çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi:Qlobal inkişafa doğru” mövzusunda panel sessiyada dünyanın müxtəlif ölkələrindən, beynəlxalq təşkilatlarından gələn qonaqlarla xalqların, ölkələrin qarşılaşdığı narahatlıqlar ifadə edildi, təcrübə və tövsiyələr səsləndirildi. İnsan hüquqlarının təmin olunmasında belə formatlarda keçirilən görüşlərin önəminə diqqət çəkən sədr, bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib.
Nazirin beynəlxalq miqyasda fəaliyyətini yüksək qiymətləndirən Komitə sədri, onun öz hədəflərinə doğru inamla irəliləyən bir ölkəni təmsil etdiyini qeyd edib və əlavə edib ki, həmkar qurumlar kimi müvafiq sahələrdə qarşılıqlı fəaliyyətlərimizi intensivləşdirməliyik.
Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi ilə iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini qeyd edən sədr, ölkəmizin Uqanda və Hərəkata üzv olan digər dövlətlərin də dəstəyi ilə verdiyi mesajlar, atdığı mühüm addımların bütün dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesinə böyük töhfə olduğunu bildirib. Qarşıdakı illərdə də bu prosesin daha davamlı xarakter alacağına inamını ifadə edib.
Səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom, belə bir qlobal Forumda iştirakdan məmnunluğunu ifadə edərək, ölkə Prezidenti cənab İlham Əliyevin açılış nitqində diqqət çəkən məqamları, verilən mesajları xüsusi vurğulayıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirən qonaq, ölkənin Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atdığını və bir sıra əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü qeyd edib.
Sonda hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ından bəhs edən qonaq nazir, qadın hüquqları ilə bağlı müxtəlif sahələrdə həyata keçirilə biləcək birgə və əlaqələndirilmiş fəaliyyətin həmin tədbirdə qəbul edilmiş sənədlərin müsbət icrası baxımından faydalı olacağını dilə gətirib.
İkitərəfli görüş çərçivəsində müvafiq sahələr üzrə koordinasiyanın gücləndirilməsi məsələləri ətrafında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə hər iki tərəfin digər rəsmi şəxsləri iştirak edib.