Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub.
Komitə sədri aktiv terapiya, psixoloq, ünsiyyət terapiyası, fərdi məşğələ, sosial iş, dərnək, təlim, konfrans otaqlarının şəraitinə baxıb və əhaliyə göstərilən xidmətlər haqqında məlumat alıb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir və bu Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.
Bahar Muradova Mərkəzin işinin daha da təkmilləşdirilməsi, qadınların məşğulluğunun daha da artırılması, risk qrupundan olan ailələrin dəstəklənməsi istiqamətində müvafiq tövsiyələrini diqqətə çatdırıb.