“Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib
Paylaş:
Azərbaycan Respublikasında gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.
Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Milli Fəaliyyət Planın hədəfləri - beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qadınların ictimai-fəallığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil müəssisələrində gender bərabərliyinin tədrisi, gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin göstərilməsi, qadınların rəqəmsal savadlılığının artırılması, sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarının müəyyənləşdirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliğində və cinsi mənsubiyyətə görə ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması, qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunmasıdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi