Komitə

Rəhbərlik

Aynur Məmmədiyyə qızı Sofiyeva - Sədr müavini

1970-ci il iyulun 19-da Qax rayonunda anadan olub. 1986-cı ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1991-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb.

1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyanın VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medal, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub.

1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. Ailəlidir, iki övladı var.

Təltiflər:

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2024-cü ildə  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.