Beynəlxalq əlaqələr
Beynəlxalq əməkdaşlıq
Bahar Muradova SESRİC-in baş direktoru Zehra Zümrüt Selçukla görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRİC) baş direktoru Zehra Zümrüt Selçukla görüşüb.
Qonaqları salamlayan Bahar Muradova, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İƏT ilə ölkəmiz arasında olan sıx əlaqələrin bundan sonra da gücləndirilməsi istiqamətində səylərin göstərilməsinin vacibliyini qeyd edən Komitə sədri, həmçinin Mərkəz tərəfindən həyata keçirilən genişmiqyaslı layihələri yüksək qiymətləndirilib.
İslam ölkələrində ailə institutunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi sahəsində əldə olunan nailiyyətlərə diqqət çəkən B.Muradova, bu uğurların təşkilata üzv ölkələrin və xalqların həyatı üçün olduqca vacib olduğunu qeyd edib.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, həmçinin digər türk dövlətlərinin müvafiq Nazirlikləri ilə Dövlət Komitəsi arasında sıx əməkdaşlığa diqqət çəkən sədr, bu qarşılıqlı fəaliyyətin həm Türk Dövlətləri Təşkilatını daxilən möhkəmləndirdiyini, həm də İslam Əməkdaşlıq Təşkilatının sözügedən istiqamətdə fəaliyyəti ilə üst-üstə düşdüyünü bildirib.
Ölkədə fəaliyyət göstərən qurum və təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ailələrin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması, biznes subyektlərinin yaradılması, ailələrin məşğulluğunun təmin edilməsi kimi işlərin həyata keçirildiyini qeyd edən B.Muradova, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini də yüksək qiymətləndirib.
Qarşılıqlı fikir mübadiləsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Komitə sədri, müxtəlif sahələrdə maraqların yaxınlığına əsaslanan hərtərəfli əlaqələrin inkişaf etdirilməsi və daha sistemli fəaliyyət göstərilməsi baxımından iki qurum arasında İş Planının qəbul edilməsi işçi qrupların yaradılmasının əhəmiyyətindən danışıblar.
İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRİC) baş direktoru Zehra Zümrüt Selçuk səmimi qəbula görə təşəkkürünü bildirərək, qardaş ölkə Azərbaycan ilə keçmişdən bu günə çox gözəl və faydalı əlaqələrin mövcud olduğunu vurğulayıb. O, təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. Xüsusilə də statistik araşdırmalar və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran Z. Selçuk qadın və uşaqların pontensialının gücləndirilməsi üçün təlim və kursların təşkil edildiyini, nəticələrə dair hesabatların hazırlandığını bildirib.
Azərbaycan və Türkiyənin ailə ilə bağlı eyni dəyərlərə malik olduğunu vurğulayan SESRİC rəsmisi qeyd edib ki, dünyada baş verən hadisələr fonunda ailə kimliyinə önəm verilməsi və əhəmiyyətinin önə çıxarılması bu gün çox vacib məsələdir. O, Azərbaycanın müvafiq qurumları ilə birgə fəaliyyətdən məmnun olduğunu və bu münasibətlərin daha da irəliləyəcəyinə inamını ifadə edib.
Görüş Dövlət Komitəsi ilə İƏT-in İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin gələcək əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.